Azərbaycanda qadınlar prezident seçkilərində niyə namizəd olmurlar?

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda növbədənkənar prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunması siyasi mühitdə ciddi müzakirə edilməkdədir. Media indiyə kimi namizədliyini irəli sürmüş bir neçə siyasətçidən seçkidə iştirak edib-etməyəcəyini soruşub.

Maraqlıdır ki, bu günə qədər Azərbaycanda qadın siyasi fəallar arasında prezident seçkilərində namizədliyini irəli sürən olmayıb.
Bəs bunun səbəbi nədir?

Ramiyə Məmmədova

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Ramiyə Məmmədova qeyd edib ki, Azərbaycan seçkilərə majoritar seçki sistemi ilə qatılır:

“Lakin bu sistemdə də müəyyən problemlər var. YAP-dan başqa heç bir partiya normal fəaliyyət göstərmir. Bu məsələ isə Azərbaycanın zərərinədir. YAP əvvəlki qədər üzdə olmasa da onun siyasi orqanizm kimi sağlam qalmasının səbəbi İlham Əliyev amilidir.

Müxalif partiyaların fəaliyyəti isə sıfıra bərabərdir. Ona görə də bu seçkidə də tək lider kimi İlham Əliyev qalib gələcək.

Ölkədə mövcud olan partiyaların heç birində qadın başqan yoxdur. Vitse-prezident Mehriban Əliyeva istisna olmaqla siyasətdə üzdə olan qadınlarımız yox dərəcəsindədir. Qadınların fəaliyyəti az olan cəmiyyətlərin inkişafı ləng gedir”.

Züriyə Qarayeva

Politoloq Züriyə Qarayeva isə vurğulayıb ki, Şərqdə ilk demokratik cümhuriyyəti quran, ABŞ-ın belə bir neçə ştatında qadınların seçki hüququnun olmadığı vaxtda Azərbaycan Xalq Cümhuriyyətində qadınların bu haqları təmin olunub:

“AXC-nin varisi olan Azərbaycan Respublikasında bir çox taleyüklü məqamlarda qadınların iştirakına önəm verilib.

Qadınlarımız parlaq zəkası, müdrikliyi, təmkinli düşüncəsi ilə millətimizin haqq səsini beynəlxalq tribunalarda səsləndirməyi bacarıb. Ulu öndər Heydər Əliyevin qətiyyətli addımları nəticəsində 1993-cü ildən qadınların ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilmişdir. Müstəqil Azərbaycanın 1995-ci ilin 12 noyabrında qəbul edilən Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiqləməklə demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaratmışdır.

2000-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı (2000-2005-ci illər) təsdiq edilmişdir. Bu proqram həm də birbaşa olaraq Azərbaycan Respublikasının qoşulduğu “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyanın və IV Ümumdünya Qadınlar Konfransında qəbul edilmiş Pekin Fəaliyyət Platformasının həyata keçirilməsi ilə əlaqədar olmuşdur. Milli Fəaliyyət Planında dövlət tərəfindən qadın probleminə daim diqqət yetirilməsi, onların həlli ilə bağlı təxirəsalınmaz konkret tədbirlərin həyata keçirilməsi, dövlət proqramlarının hazırlanması öz əksini tapmışdır”.

Politoloqun sözlərinə görə, son illərdə ölkəmizdə prezidentliyə namizədlər arasında qadınlar təmsil olunmasa da, bugün Azərbaycan qadını ictimai-siyasi həyatın bütün sferalarında layiqincə təmsil olunur:

“Ölkənin vitse-prezidenti, Milli Məclisin spikeri, 20 millət vəkili, komitə sədrləri, bir çox icra başçısı, məhkəmə sədrləri, hakimlər qadınlardır. Elmi işçilərin 58,2 faizini qadınlar təşkil edir. Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 2,5 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 2,2 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 8-i, müxbir üzvlərindən isə 11-i qadındır. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28,5 faiz, sahibkarlar arasında isə 21,7 faizdir”.

Safura Bənnayeva
Globalinfo.az