Ən yüksək seçici fəallığı olan dairə açıqlandı – YENİLƏNİB

dd83462b secki 09 07 2024 16 27 14

“Ölkə üzrə seçici fəallığı ən yüksək olan seçki dairəsi 122 saylı Xankəndi seçki dairəsidir”.

Bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, saat 12:00-a olan nəticələrə görə, həmin seçki dairəsində seçici fəallığı 32,6 faizdir (2182 nəfər).

Bildirilib ki, 54 saylı Mingəçevir seçki dairəsində seçici fəallığı aşağıdır. Bu dairədə seçicilərin cəmi 7,5 faizi (3768 nəfər) səs verib.

Qeyd edək ki, növbədənkənar parlament seçkisi ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb.

Seçki məntəqələri saat 08:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.

***

Saat 10:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 109 saylı Qazax seçki dairəsidir.

Globalinfo.az xəbər verir ki, həmin seçki dairəsindən 17.7 faiz seçici (8646 nəfər) indiyədək səsvermə hüququndan istifadə edib.

Saat 10:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə isə 43 saylı Sumqayıt ikinci seçki dairəsidir.

Bu seçki dairəsində seçici fəallığı 2.4 faiz (1169 nəfər) olub.

Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilir.