Azərbaycan Xankəndiyə girəcəkmi? – Hamını düşündürən sualın cavabı…

Azərbaycan Qarabağda antiterror əməliyyatına başladı. İctimai rəy buna çoxdan hazır idi. Sentyabr ayı başlayandan deyilirdi ki, müharibə olacaq. Qarabağdakı hərəkətlilik, hazırlıqlar da bu fikri möhkəmləndirdi.

Hazırda müharibə getmir, antiterror tədbirləri həyata keçirilir. Bu, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bütün ölkə ərazisində bərpa edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləridir. Rəsmi xəbərlərdə də təqdimat bu cürdür.

Azərbaycan tərəfi maksimum çalışdı ki, hərbi toqquşmalar baş verməsin. Bundan yayınmaq üçün rəsmi Bakı çox cəhdlər göstərdi. Hətta deyərdim, bu istiqamətdə fədakarlıq etdi. Lakin separatçıların, havadarlarının təxribatları dayanmadı. Biz barış əlini uzatdıq, onlar bizə güllə atdı.

Ermənistanın Azərbaycana qarşı mina terroru da dayanmır. Sentyabrın 19-da saat 04:00 radələrində Xocavənd rayonu ərazisində yük avtomobilinin tank əleyhinə minaya düşməsi nəticəsində 1970-ci il təvəllüdlü Sadıxov Samir Sabiroviç və 1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu həlak olublar.

Bu gün 7 polisimizin şəhid xəbərini aldıq. Onlar da erməni diversiya qrupunun təxribatı nəticəsində həlak oldular. Həmçinin yaralı polislərimiz var.

Ermənistan hakimiyyətinin qızışdırıcı mövqeyini mütləq qeyd etmək lazımdır. Paşinyan hökuməti eskalasiyadan yayınmaq üçün heç bir addım atmadı. Əksinə, yanan ocağın üstünə yağ tökmək siyasəti yürütdü. Separatçıların güc aldığı yer təbii ki, Ermənistandır, rəsmi İrəvandır. Antitteror tədbirləri başlayandan sonra Ermənistan Müdafiə Nazirliyi qəribə mövqe sərgiləyir. Sanki Qarabağda baş verənlərin bunlara aidiyyatı yoxdur. Məsuliyyətdən qaçmaq üçün düşünülmüş addım ola bilər.

İndi bütün cəmiyyəti düşündürən sual budur: Azərbaycan bu dəfə Xankəndiyə girəcəkmi? İlanın başı buradır. Separatçıların hərbi, siyasi və ideoloji mərkəzi Xankəndidir. Separatizmin mərkəzi ocağı söndürülməyincə nəinki Qarabağda, Cənubi Qafqazda sabitlik mümkün olmayacaq.

Ona görə də Azərbaycan cəmiyyəti istəyir ki, dövlət Xankəndini nəzarətə götürsün. Rəsmi xəbərdə bildirilir: “Azərbaycan Respublikasının konstitusiya quruluşunun bütün ölkə ərazisində bərpa edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb”. Xankəndi Azərbaycan Respublikasının ərazisidir. Bu həm yerli qanunlara görə belədir, həm də beynəlxalq qanunlarla öz təsdiqini tapıb. Azərbaycan bütün ərazilərində suverenliyi təmin etmək haqqına sahibdir.

“Konstitusiya quruluşunun bərpası” ifadəsi deyir ki, Xankəndi Azərbaycanın yurisdiksiyasına keçəcək. Tarixi şəhərimizdə qanunlarımız işləyəcək, bayrağımız dalğalanacaq. Separatçıların şəhər ətrafındakı qanunsuz silahlı dəstələri, obyektləri var. Onlar zərərsizləşdirildikdən sonra Xankəndini döyüşsüz də nəzarətə götürmək mümkündür. Şuşada olduğu kimi küçə döyüşlərinə gərək qalmayacaq.

Yerli erməni əhali buna müqavimət göstərməyəcək. Mülki insanlar Qarabağdakı xunta rejiminin girovluğundadır. Azərbaycan dövləti həm də erməni əsilli vətəndaşlarını bu rejimdən xilas etmək üçün mütləq şəhərə nəzarəti təmin etməlidir. Artıq bunun üçün hazırlıqlar görülüb. Rəsmi şəkildə Qarabağdakı ermənilərə SMS-mesajlar göndərilib.

Bugünkü antiterror əməliyyatlarında mülki əhalinin olduğu ərazilər hədəf alınmır. Sırf qanunsuz hərbi obyektlər zərərsizləşdirilir. 44 günlük Vətən müharibəsində də Azərbaycan tərəf mülkü şəhərləri, obyektləri vurmadı. Baxmayaraq ki, Ermənistan və separatçı rejim dinc şəhərlərimizə raket zərbələri endirib, yüzlərlə mülki vətəndaşımızı – onların içində uşaqlar, qocalar vardı – öldürdü.

Üç il öncə biz bu yola inanaraq çıxdıq. Bu inam bizə böyük qələbə qazandırdı. Yaxın günlərdə çoxdandır gözlədiyimiz çıxışı eşidəcəyimizə də inanırıq: “Əziz Xankəndi, sən artıq azadsan!”.

Azər Ayxan
Globalinfo.az