Azərbaycan Laçın yoluna nəzarəti ələ keçirir – Prezident açıq mesaj verdi

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa təbrik müraciətində laçınlılara müjdə verdi. Bu il Laçından olan məcburi köçkünlər artıq öz yurdlarına qayıda biləcəklər.

Dövlət başçısının Laçına qayıdışla bağlı açıqlaması əsas diqqətçəkən məqamlardan biridir.

Bununla bağlı politoloq Turab Rzayev Globalinfo.az-a bildirib ki, məcburi köçkünlərin bütün işğaldan azad olunmuş rayonlara qayıdışı üzrə proqram başlanılıb və davam edir:

“Ancaq Laçın şəhəri bizim üçün xüsusilə əhəmiyyətlidir. Buna görə də üç il keçməsinə baxmayaraq, biz alternativ yolu çox qısa vaxt ərzində çəkərək təhvil verdik ki, məhz bu yoldan istifadə olunsun və Laçın şəhəri boşaldılsın. Alternativ yoldan tam istifadə hələ başlamayıb, yol Ermənistan tərəfdən hazır deyil və mart ayına qədər vaxt istənilib. Bununla biz qərarlı olduğumuzu göstərdik ki, Ermənistan tərəfi mart ayına qədər o yolu çəkib öz istifadəsinə götürməlidir. Martdan sonra biz Laçın şəhərinə keçən yolu ümumiyyətlə bağlayıb istifadəyə icazə verməyəcəyik”.

T.Rzayev ekofəallar və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Laçın-Xankəndi yolu üzərində keçirilən aksiyalara da diqqət çəkib:

“O yol demək olar ki, bağlanıb, Azərbaycanın nəzarətinə keçməlidir. Bununla bağlı planlar var. Ən azı ya ruslarla müştərək şəkildə bu yol nəzarətə götürülməli, ya da Azərbaycan tərəfi burada öz gömrük-sərhəd buraxılış məntəqələrini quraşdıracaq. Azərbaycan açıq şəkildə ifadə edir ki, artıq Laçın yoluna nəzarəti ələ keçirir”.

Ekspert hesab edir ki, bu, alternativ yolun istifadəyə başlaması və Laçından keçən yolun Azərbaycana tamamilə təhvil verilməsi, eləcə də Laçın dəhlizinin Azərbaycan üçün önəmi, ondan istifadə və nəzarət edəcəyi ilə bağlı məsələni gündəmə gətirir.

İqtisadçı Eldəniz Əmirov isə mövzunu Globalinfo-ya şərh edərkən deyib ki, işğaldan azad olunmuş ərazilərimizlə bağlı qərarların bu və ya digər formada həm siyasi, həm də iqtisadi tərəfləri var:

“Cənab Prezidentin Laçında məskunlaşma ilə bağlı açıqlamasında hərbi-siyasi faktor daha çox önə çıxır. Bu ərazinin daha həssas olması Azərbaycan dövlətinin daha ciddi və dönməz münasibət ortaya qoymasına işarədir. Həmçinin, ən uzağı gələn il Laçında hava limanı açılandan sonra Kəlbəcər istiqamətindən də ora yolun çəkilməsi, sülhməramlılarla bağlı müəyyən məsələlərə aydınlığın gəlməsi burada məskunlaşmanı daha da sürətləndirəcək. Bu da Laçının iqtisadi potensialını daha yaxşı istifadə etməyə imkan verəcək. Bu ərazilərdə subalp və alp çəmənliklərinin olması heyvandarlığın daha da inkişaf etdirilməsinə şərait yaradacaq. Yəni ilkin mərhələdə dividentlər daha çox heyvandarlıqdan gələ bilər. Turizm və rekreasiya kimi digər sahələr isə perspektivdə Azərbaycan Respublikasının vətəndaşları, eyni zamanda xarici vətəndaşlar üçün öz fürsətlərini açacaq”.

Gülnar Səlimova

Globalinfo.az