Azərbaycanın Zəfəri İranın narkotikdən əldə etdiyi böyük gəliri də kəsib – VİDEO

İranın Azərbaycana olan aqressiyasının səbəblərindən biri də torpaqlarımız işğaldan azad olunduqdan sonra narkotik biznesindən gələn böyük gəlirin əlindən çıxmasıdır.

Son onilliklərdə İran nəinki narkotik vasitələrin istehsalçılarından, həm də dünyada yayılmasının əsas iştirakçılarından biridir. Təəssüflər olsun ki, molla rejimi narkotiklə bağlı planlarını həyata keçirərkən Azərbaycan torpaqlarından da istifadə edib. Söhbət ondan gedir ki, torpaqlarımızın 30 ilə yaxın müddətdə işğal altında qalmasından sui-istifadə edən molla respublikası Ermənistanla əməkdaşlığa gedərək, burada həm narkotik plantasiyaları salıb, həm də bu ərazilərdən tranzit daşımalar üçün faydalanıb.

Yəqin elə bu səbəbdəndir ki, torpaqlarımızı işğaldan azad etməyimizə molla rejimi belə qısqanclıqla yanaşır. Çünki indiki vəziyyətdə Ermənistanın cinayətkar hakimiyyət rejimləri ilə müştərək şəkildə əsl narkosindikat yaratmış İranın əlindən milyardlarla dollar vəsait çıxıb. Molla respublikasının Azərbaycandan keçməklə Avropaya çıxan beynəlxalq narkotrafik marşrutu ilə 30 il ərzində nə qədər vəsait qazandığını təsəvvür etmək üçün bir fakta nəzər salmaq kifayətdir. Yalnız 2020-ci ilin noyabrından 2021-ci ilin oktyabrına qədər Azərbaycan gömrükçüləri iranlı narkodilerlərdən qara bazarda dəyəri 528 milyon dollara çatan narkotik müsadirə ediblər.

Di gəl ki, özünü İslam respublikası kimi qələmə verir. Ancaq İslamın lənətlədiyi fəaliyyətlərdən biri ilə məşğul olur. Bunun nəticəsidir ki, bu gün İran deyiləndə molla rejiminin özünü təqdim etdiyi kimi İslam deyil, elə narkotik yada düşür. Araşdırmalar göstərir ki, İran istehsal etdiyi narkotikin 60 faizini başqa ölkələrə satsa da, 40 faizini ölkə daxilində gənclər arasında yayılmasını təmin edir. Bu, böyük gəlir qaynağı olmaqla yanaşı, həm də gənclərin mübarizə və azad düşüncə əzmini qırmağa hesablanıb.

Ancaq görünən budur ki, İranın planı özünü doğrultmur. Çünki nə narkotik, nə işgəncə, nə də ölüm azadlığa həsrət qalan xalqın müqavimətini qıra bilmir. Bu gün iranlılar onları on illərdir idarə edən rejimin çürüdüyünün fərqinə varıblar və bunu dəyişmək üçün küçələrə çıxıblar. Bu mübarizədə cənublu soydaşlarımız da ön sıralardadır. Onlar boğulmuş hüquq və azadlıqlarını təmin etmək iqtidarında olduqlarını gec-tez dünyaya göstərəcəklər.

Globalinfo.az Xezexeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: