Bu gün Axar.az xəbər saytının 11 yaşı tamam olur.
2013-cü ilin oktyabrın 19-da saytın fəaliyyəti ictimaiyyətə açıqlanıb və geniş oxucu kütləsi ilə təması başlayıb.
Axar.az Azərbaycan mediasının ən ciddi və vacib resurslarından biridir. İlk vaxtlardan ciddi siyasi mövzularla yayına başlayan sayt ənənəsindən kənara çıxmayıb. Sarı xəbərlərə heç vaxt yer verməyən bu resurs sübut etdi ki, ölkədə ciddi oxucu kütləsi var. Sadəcə keyfiyyətli, sanballı yazılar təqdim etmək lazımdır. Axar.az “şousuz, kriminalsız, sarı xəbərsiz media uğur qazana bilməz” bəhanəsini, arqumentini aradan qaldırdı. Bu qarışıq və çirkli informasiya mühitində sağlam media subyekti yaratmaq, onu 11 il ayaqda tutmaq asan məsələ deyil, Axar.az bunu bacardı. İnanırıq ki, bu şəkildə davam edəcək. Bu sayt mediamızın mayaklarındandır. Arzu edək ki, o mayak heç zaman sönməsin.
Futbolda 11 metrlik cərimə zərbəsi ənənəsi var. Rəqib komanda digər komanda üzvlərinə qarşı kobudluq edəndə, qayda pozanda hakim cəza olaraq penalti təyin edir. Axar.az saytı da Azərbaycana qarşı qaydasız oyun aparanlara, qərəzli davrananlara qarşı hər zaman 11 metrlik zərbə mövqeyindədir. Gecə-gündüz Azərbaycanın informasiya sərhədlərinin, xəbər qapısının keşiyindədir. Bütün bunları yüksək peşəkarlıqla, ən əsası, qayda pozmadan, qərəz göstərmədən edir.
Axar.az Azərbaycan, ingilis, rus, və fars dillərində, ümumilikdə dörd versiyada işləyir. Sayt həm də ərəb əlifbası ilə Azərbaycan dilində fəaliyyət göstərən yeganə yerli media orqanıdır.
Axar.az saytı “Teleqraf” Media Qrupun tərkibinə daxildir. Holdinqin rəhbəri Aynur Camalqızı, saytın baş redaktoru isə Anar Niftəliyevdir.
Globalinfo.az olaraq Axar.az kollektivini təbrik edir, onlara uğurlar arzulayırıq!