Aqil Abbas İranın xarici işlər nazirinə bu sözləri dedi

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın tviter səhifəsində Nizami Gəncəvini “İran şairi” adlandırması birmənalı qarşılanmayıb.

Uzun illərdir ki, mədəniyyətimizi, mətbəximizi, torpağımızı işğal edən ermənilər azmış kimi, indi də İran ən dəyərli xəzinələrimizdən olan Nizami Gəncəvini fars şairi adlandırıb. Onun bu paylaşımı haqlı narazılıqlara səbəb olub.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan deputat Aqil Abbas bildirib ki, farslar çox söz deyə bilər.

Deputatın sözlərinə görə, Abdullahianı ciddi qəbul etmək lazım deyil:

“Farslar hər zaman yersiz iddialarla çıxış edir. Nizami fars dilində yazıb deyə, dərhal adamı mənimsəməyə başlayıblar. Nizami Gəncəvinin dövründə bir neçə dildə poeziyalar yazılıb.

Nizami Gəncəvi əsərlərində türk oğlu olduğunu dəfələrlə qeyd edib. Çingiz Aytmatov, Çingiz Abdullayev rus dilində yazıb. O zaman belə çıxır ki, onlar rusdur?!”

A.Abbas qeyd edib ki, bu kimi yalan xəbəri tək İranın xarici işlər naziri yox, prezidentləri də yazır:

“Bunlar yalandan iddia edir ki, Nizami fars şairidir, amma dünya da adamı Azərbaycan şairi olaraq qəbul edir. Hətta Nizaminin məzarı Gəncə şəhərində yerləşir, ləqəbi də Gəncəvi. Qoy nə deyirlər desinlər. Mən də deyirəm ki, Tehran Azərbaycanındır, türk şəhəridir (gülür)”.

Millət vəkili deyib ki, milçək bir şey olmasa da, ürək bulandırır:

“Əsas odur, bütün dünya doğruları bilir və Nizamini azərbaycanlı olaraq qəbul edir. Sadəcə, farslar bizi qəzəbləndirmək istəyir. Bunun bir adı var, o da təxribat”.

Zaira Akifqızı
Globalinfo.az