Ankara yeni “qızıl silah”ını Bakıya verir – Hərbi ekspert


“Səlcuq Bayraqdar tərəfindən qanadında Azərbaycan bayrağı olan “Qızıl Alma” PUA maketinin Prezident İlham Əliyevə təqdim edilməsi, gələcəkdə bu vasitənin ölkəmiz üçün əlçatan olacağını deməyə əsas verir”.

Bu sözləri Globalinfo.az-a hərbi ekspert Ədalət Verdiyev “Bayraqdar TB2” pilotsuz uçuş aparatlarının (PUA) yaradıcısı, Türkiyə Teknoloji Takımı Vəqfinin rəhbəri Səlcuk Bayraqdarın Azərbaycana işgüzar səfəri, səfər çərçivəsində Prezident İlham Əliyevlə görüşü və “Qızıl Alma” PUA maketinin təqdim edilməsi haqda danışarkən deyib.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycanda istehsal olunan istənilən vasitə bu gün hər iki ölkə üçün eyni dərəcədə əlçatandır:

“Yəni iki qardaş ölkə arasında “mənim, sənin” məsələsi yoxdur. Burada qardaşlıq, dostluq əlaqəsi var. İki ölkə arasında maddiyyat ikinci plandadır. Bu gün Azərbaycanın Türkiyə istehsalı PUA-lara, həmçinin yeni “Qızıl Alma” PUA-sına ehtiyacı var. “Qızıl Alma” PUA-ları orta yüksəklik uçuşlarını tamamlayıb. Hazırda səs sürətinə malikdir. Növbəti etabda isə səs sürətini keçmək hədəflənir.
1000-1500 kq vasitə daşıma qabiliyyətinə malik olan “Qızıl Alma” 14 min metr yüksəklikdə öz funksiyalarını yerinə yetirə bilir. Təxminən 1000 km fəaliyyət radiusuna malik olan PUA orta kreyser sürətində 5 saata qədər havada qala bilir.

Ədalət Verdiyev

Bu vasitələrin digər bir üstün cəhəti də “STS” texnologiyasına malik olmasıdır. Bundan başqa, “AS” radarına malikdir. Hər iki qanadın altında 3 sursat daşıya biləcək asklar mövcuddur. Bu asklar qapalı olaraq gövdənin içində qorunur. Bu onun düşmən radarları tərəfindən müəyyənləşməsinin qarşısını alır”.

Hərbi ekspertin sözlərinə görə, “Qızıl Alma” PUA-ları hava və yerüstü hədəflərə qarşı mübarizə imkanlarına malikdir:

“Bundan ötrü hava hədəflərini məhv etmək üçün “Bozdoğan”, “Gökdoğan”, yerüstü hədəfləri məhv etmək üçün isə “Cirit”, “Bozok” qanadlı raketlərini daşıya bilir. “Qızıl Alma”nın çox sayda yerli Türkiyə istehsalı olan aviasiya vasitələrini daşımaq imkanı var. Mümkündür ki, yaxın perspektivdə Azərbaycan və Türkiyə bu PUA-nı birlikdə istehsal edəcək. O vaxtadək isə “Qızıl Alma” PUA-larını Azərbaycanın da hərbi arsenalında görmək mümkün olacaq”.

Turan Rzayev
Globalinfo.az