Ailə üzvlərini öldürməkdə təqsirləndirilən Əhməd məhkəmə qarşısında – VİDEO

Bakının Xətai rayonunda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Globalinfo.az  “APA”ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə məhkəmənin hazırlıq iclası baş tutub. Əhməd Əhmədov məhkəməyə polisin müşayiəti ilə gətirilib.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə elan olunub ki, təqsirləndirilən şəxs Əhməd Əhmədova Xətai rayon İcra Hakimiyyəti tərəfindən nümayəndə təyin edilib.

Zərərçəkmiş şəxslərin hər birinə hüquqi varis təyin olunub.

Əhməd Əhmədovun xalası Şəfaqət Bədəlova məhkəməyə etiraz edərək, cinayət işi üzrə hüquqi varis olmasını tələb edib.

Məhkəmə iclasının qaydalarını pozduğu üçün Şəfaqət Bədəlova zaldan çıxarılıb.

İş üzrə müdafiə və zərərçəkən tərəflərdən hər hansı vəsatət verilməyib.

Hakim Əhməd Əhmədovun işin məhkəmə baxışına verilməsinə münasibət bildirməsini istəyib.

Əhməd Əhmədov isə “Nə bilim vallah, bilmirəm ki” cavabını verib.

İş üzrə məhkəmənin baxış iclası iyulun 4-nə təyin edilib.