ABŞ səfirliyi: “Sülhə aparan yeganə yol…”

Amerika Birləşmiş Ştatları Cənubi Qafqaz regionunda hər kəsin, o cümlədən Ermənistanı tərk etmiş azərbaycanlıların hüquqlarına riayət olunmasını dəstəkləyir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Report”a Birləşmiş Ştatların Azərbaycandakı səfirliyində ABŞ tərəfinin 30 il əvvəl qovulduğu Ermənistana qayıtmaq istəyən azərbaycanlılara dəstək verməyə hazır olub-olmaması ilə bağlı sualı cavablandırılarkən bildirilib.

“Amerika Birləşmiş Ştatları, etnik mənsubiyyətindən və ölkəsindən asılı olmayaraq, hər kəsin hüquqlarına hörmət edildiyi bir bölgədə ədalətli və layiqli bir sülh üçün şəraitin yaradılmasını dəstəkləyir”, – diplomatik missiyadan bildirilib.

Bundan əlavə, səfirlikdə qeyd edilib ki, davamlı sülhə aparan yeganə yol danışıqlar masasına oturmaqdır.

Qeyd edək ki, bu yaxınlarda ABŞ-nin Ermənistandakı səfiri Kristina Kvinn bəyan edib ki, ABŞ Azərbaycanın Qarabağ regionundan getmiş ermənilərin təhlükəsiz şəkildə geri qaytarılması hüququnu dəstəkləyir.