6a0e0fdb583c06a0e0fdb583c117793064596a0e0fdb583bd6a0e0fdb583bf 2

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də BMT Baş katibinin müavini Amina Mohammedi qəbul edib.

Globalinfo.az xəbər verir ki, dövlət başçısı Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının keçirilməsi ilə bağlı göstərdiyi dəstəyə görə BMT rəhbərliyinə minnətdarlığını bildirib, tədbirin uğurlu olması üçün Azərbaycan Hökumətinin və BMT-nin Məskunlaşma Proqramının bir komanda kimi fəaliyyət göstərdiyini deyib.

WUF13-ün COP29-dan sonra iştirakçı sayına görə ölkəmizdə keçirilən ikinci mühüm qlobal tədbir olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev COP29 kimi Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının da uğurla təşkil edildiyini vurğulayıb.

Dövlət başçısı Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı ilə səmərəli əməkdaşlıq həyata keçirdiyini deyərək, ölkəmizin gələcəkdə də bu Proqramla tərəfdaşlığını davam etdirəcəyini və Ümumdünya Şəhərsalma Forumunun digər sessiyalarının işində də fəal olacağını bildirib.

Amina Mohammed BMT-nin Baş katibi Antonio Quterreşin salamlarını dövlət başçısına çatdırıb.

Salamlara görə minnətdarlığını bildirən Prezident İlham Əliyev onun da salamlarını Antonio Quterreşə çatdırmağı xahiş edib.

WUF13-ün uğurla keçdiyini deyən Amina Mohammed bununla bağlı dövlət başçısını təbrik edib. O, bu tədbirdə dünyanın müxtəlif ölkələrindən çox sayda yüksək səviyyəli qonağın iştirak etməsinin dərin təəssürat hissi yaratdığını bildirib.

Amina Mohammed Bakıda müasir şəhərsalma qaydaları tətbiq olunmaqla tarixi irslə müasirliyin vəhdətinin təmin edildiyini məmnunluqla vurğulayıb və bildirib ki, bu, paytaxtımıza xüsusi gözəllik verir.

Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə postmünaqişə şəraitində həyata keçirdiyi bərpa və quruculuq işlərinin postmünaqişə vəziyyətindəki regionlar üçün bir nümunə olduğu bildirilib və bu xüsusda ölkəmizin təcrübəsinin BMT çərçivəsində digər ölkələrlə bölüşməsinin faydalı olacağı vurğulanıb.

Azərbaycanın “ASAN xidmət” modelinin BMT-nin dövlət xidmətləri mükafatına, həmçinin BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görüldüyü xatırlanıb, “ASAN xidmət”in uğurlu təcrübə kimi Afrika və Asiyanın müxtəlif ölkələrində tətbiq olunduğu qeyd edilib.

Söhbət zamanı Azərbaycanla BMT arasında uzun illərdir uğurlu əməkdaşlığın həyata keçirildiyi və ölkəmizin bu təşkilatın fəal üzvü olduğu, onun proqram və tədbirlərinin icrasına mühüm töhfələr verdiyi vurğulanıb. İndiyədək BMT-nin müxtəlif mövzulara aid beynəlxalq tədbirlərinin Azərbaycanda yüksək səviyyədə təşkil olunması məmnunluqla xatırlanıb.

6a0f2013a16996a0f2013a169a17793761476a0f2013a16966a0f2013a1698 6a0f2013aede56a0f2013aede617793761476a0f2013aede26a0f2013aede3 6a0f2013d0c1a6a0f2013d0c1b17793761476a0f2013d0c176a0f2013d0c19 6a0f2013dc2b36a0f2013dc2b417793761476a0f2013dc2b16a0f2013dc2b2 6a0f20138e1206a0f20138e12117793761476a0f20138e11e6a0f20138e11f 6a0f2013969686a0f20139696917793761476a0f2013969656a0f201396967

Paylaş: