ABŞ İsrailin İrana hücum etməsini buna görə istəmir

İsrail ilə İran arasında gərginlik son günlər səngiyib, lakin bəzi ekspertlər iddia edir ki, İsrail İrana hücuma hazırlaşır. Hələlik buna dair konkret məlumat olmasa da versiya diqqət çəkir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qədir Aslan deyib ki, ABŞ hadisələrin bir-birini qabaqlamasını və silsilə xarakterli olmasını istəmir:

“Daha dəqiq desək, rəsmi Vaşinqton Rusiya-Ukrayna, İran-İsrail, habelə digər münaqişələrin eyni anda alovlanmasını istəmir. Yəni ABŞ-ın konkret qurulmuş planı var və bu plandan yayınacaq hallara qarşı dözümsüzdür.

Bu gün İsrail real təhlükə ilə üz-üzədir. Buna görə də Təl-Əvivin əks-hücuma keçməsi mümkündür. Lakin ABŞ bu məsələdə İsraili tək qoymayacaq. Yəni dəstək verəcək, amma hər şeydən öncə gərginliyin yumşaldılmasına çalışacaq.

Yaxın müddət ərzində İranda bir sıra partlayışların baş verməsi mümkündür. Təbii ki, bu, total müharibə elanı demək deyil. Yenə hibrid müharibənin şahidi olacağıq. Burdan belə bir nəticə çıxarmaq olar ki, İran hələ bir müddət gərginliyi davam etdirəcək”.

Turan Rzayev
Globalinfo.az