ABŞ-ın Ukrayna ilə bağlı şok planı üzə çıxır – Rusiyaya buna görə qurban verildi…

Rusiya-Ukrayna müharibəsinin uzanması rəsmi Kiyevə yardım edən ölkələrin dəstəyinin kəsilməsi məsələsini aktuallaşdır. Sonuncu dəfə Ağ Evin milli təhlükəsizlik üzrə koordinatoru Con Kirbi brifinqdə bildirdi ki, ABŞ-ın Ukraynaya hərbi yardımı dayanıb. Bəzi ekspertlər hesab edir ki, ABŞ-ın ardınca Avropa ölkələri də Ukraynaya yardımları kəsəcək.

Maraqlıdır, Rusiya və ABŞ Ukraynanı necə böləcəklər? Bundan sonrakı proseslər hansı yöndə olacaq?

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, ABŞ daha əvvəl Ukraynaya dəstəyin dayandırılması barədə rəsmi məlumat yaymışdı:

“Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirmişdi.

Kənan Novruzov

O qeyd edib ki, Ukraynaya yardımın maliyyələşməsinin Konqres tərəfindən təsdiqlənməsi ilə bağlı danışıqlar davam edir. Con Kirbi dəstəyin dayandırılmasının müvəqqəti olduğunu bildirmişdi.

Əvvəllər də dediyimiz kimi, Vaşinqtonun Şərqi Avropa ilə bağlı konkret məqsədləri var. Əsas hədəf Rusiyanın zəiflədilməsi, daha dəqiq desək, idarəolunan vəziyyətə salınmasıdır. ABŞ bunun üçün Ukraynanı qurban verir. Rəsmi Kiyevin taleyi və gələcəyi isə Ağ Evi düşündürmür.

ABŞ-ın Ukraynaya dəstəyi sadəcə müqavimət göstərmək, belə demək mümkünsə, sağ qalmaq üçündür. Qərbə lazım olan müharibənin mümkün qədər uzanmasıdır. Əgər Qərb, xüsusilə ABŞ Ukraynanın qalib gəlməsini istəsə idi, onda silah tədarükünü intensivləşdirərdi.

Müharibənin əvvəlindən etibarən bir çox ekspert ABŞ-la Rusiya arasında gizli razılığın olduğunu və Ukraynanın gələcəkdə parçalana biləcəyini iddia edirlər. Əslində bu ehtimal hər ötən il daha real ssenariyə çevrilir.

Ukrayna gələcəkdə torpaq güzəştinə getmək əvəzinə NATO-ya üzv olmaq barədə düşünə bilər. Ola bilsin, Rusiya işğal etdiyi torpaqlarda qalacaq, rəsmi Kiyev isə öz nəzarətində olan ərazilərlə Alyansın üzvünə çevriləcək. Bu perspektiv istisna deyil.

Çox güman, ABŞ-ın Ukraynaya dəstəyi bir müddətdən sonra bərpa olunacaq. Və Kiyev bunu sevinclə qarşılayacaq. Çünki indi dəstək ümumiyyətlə yoxdur. Buna baxmayaraq, müharibə davam etdikcə dəstək tədricən azalacaq. Ağ Ev Kiyevi artıq buna hazırlayır.

Geniş mənada, artıq Moskva da uduzub, Kiyev də. Müharibənin qalibi məhz ABŞ olacaq. Ukrayna artıq bir ölkə olaraq dağıdılıb, Rusiya ilə bağlı çoxillik mif isə məhv olub”.

Turan Rzayev
Globalinfo.az