ABŞ Ermənistanda nüvə reaktoru yaradır? – “İrəvanın əsas dərdi başqadır”

ABŞ Ermənistanda nüvə reaktorları yaratmaq istədiyini və bunun üçün mövcud imkanların dəyərləndirildiyini bildirib. Bunun Ermənistanın Rusiyadan enerji asılılığından qurtulacağı üçün edildiyi bildirilib.

Xüsusilə də Rusiya Qərbi Ermənistanı ondan uzaqlaşdırmağa çalışmaqda ittiham edərkən, bu təşəbbüsə Moskvanın necə münasibət bildirəcəyi xüsusi olaraq müzakirə edilir.

Bunun reallaşması nə dərəcədə mümkündür? Kremlin məsələyə münasibəti necə olacaq?

Mövzunu Globalinfo.az-a dəyərləndirən siyasi analitik Orxan Amaşov bu təşəbbüsün yaxın zamanda gerçəkləşməsinin mümkün görünmədiyini bildirib:

“Yaxın gələcəkdə bu addımın reallaşması, yaxud həyata keçirilməsi istiqamətində planlaşdırılan ilkin fəaliyyət formalarının Ermənistanda, yaxud ümumi regionda hansısa şəkildə vəziyyətin dəyişməsinə səbəb olacağını düşünmürəm. Hesab edirəm ki, ümumiyyətlə Ermənistanın Rusiya boyunduruğundan xilas olması, xüsusilə də enerji asılılığından qurtulması uzun prosesdir, çox zaman tələb edir. Bu proses hazırkı mərhələdə həll edilmir.

İndi rəsmi İrəvan üçün əsas prioritet Azərbaycanla sülh müqaviləsini imzalamaq, Türkiyə ilə münasibətləri normallaşdırmaq, kommunikasiya xətləri daxilində öz mövqeyini möhkəmləndirməkdən ibarətdir. Qısa müddətdə sözügedən addımı perspektivli olaraq görmürəm. Parlaq bir təklif deyil”.

Ayşən Mustafa
Globalinfo.az