Qış tətilini Avropada keçirmək istəyən turistlər adətən Almaniyanın məşhur Milad yarmarkalarına, Avstriyanın paytaxtı Vyanaya və ya Finlandiyanın qarlı meşələrinə üz tuturlar. Lakin Avropada turistlərin nisbətən az diqqət yetirdiyi, nağıllar aləmini xatırladan başqa bir şəhər də var. Burada qədim küçələr, tarixi binalar və bayram ab-havası turistlərə unudulmaz qış tətili vəd edir.
Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, söhbət Estoniyanın paytaxtı Tallindən gedir.
Tallində bayram tədbirlərinin əsas mərkəzi şəhərin tarixi hissəsində yerləşən Ratuşa meydanıdır. Burada hər il Milad yarmarkası təşkil olunur və meydanın mərkəzində böyük yolka bəzədilir. Maraqlıdır ki, bu meydanda Milad ağacı qurulması ənənəsinin 1441-ci ildən başladığı bildirilir. Beləliklə, 2026-cı ildə həmin ənənənin 585 illik tarixi tamam olur.
Yarmarkada taxta köşklər, əl işləri, milli yeməklər, isti içkilər və müxtəlif bayram şirniyyatları təqdim edilir. Burada uşaqlar üçün karusellər də fəaliyyət göstərir. Tallinin əsas üstünlüklərindən biri daha məşhur Avropa yarmarkaları ilə müqayisədə nisbətən sakit bayram mühiti təqdim etməsidir. Turistlər böyük izdihamla qarşılaşmadan bayram atmosferindən zövq ala bilirlər.