“Bu ilin sonunda UNIFIL-in (BMT-nin Livandakı Müvəqqəti Qüvvələri) missiyası başa çatır, yeni sülhyaratma missiyası isə mövcud deyil”.
Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Kənan Rövşənoğlu deyib.
Politoloq bildirib ki, 48 ildir fəaliyyət göstərən UNİFİL Livan-İsrail sərhədində qoruyucu xəttin mühafizəsini həyata keçirsə də, bu qüvvələr İsrailin Livana hücumuna mane ola bilməyib:
“İndi isə UNİFİL-in missiyası başa çatır, üstəlik İsrail işğalı və “Hizbullah”ın silahı təhvil verməsi ilə bağlı gərginlik davam edir.
Fransa Avropa ölkələrindən təşkil olunmuş və UNİFİL-i əvəz edəcək yeni missiyanın yaradılması üzərində çalışır. Ancaq bu missiya 200 nəfərdən ibarət olacaq, əsasən Suriya ilə sərhəddə və hava limanlarında xidmət edəcək.
“Hizbullah” isə BMT-nin 2006-cı ildə UNİFİL missiyası ilə bağlı qəbul etdiyi 1701 saylı qətnaməyə əsaslanaraq yalnız BMT missiyasının iştirakını istəyir. Üstəlik, qərarın Fransa tərəfindən hazırlanması və ABŞ tərəfindən dəstəklənməsi Rusiya və Çinin də sənədə dəstək verməsi ehtimalını azaldır.
İsrail isə vaxtaşırı Livanın yaşayış məntəqələrini bombalamaqla, dolayısı ilə işğal və bombardmanın əsas günahkarının “Hizbullah” olduğunu göstərməklə Livan daxilində bu qruplaşmaya qarşı etiraz dalğası yaratmağa çalışır”.

Kənan Rövşənoğlu
Politoloq bildirib ki, “Hizbullah”ın iki mühüm arqumenti var:
“Birincisi, qruplaşmanı Livanda böyük elektoratı mövcuddur. Yalnız şiələr deyil, həmçinin xristianlar və sünni müsəlmanlar arasında İsrailə qarşı “Hizbullah”a dəstək verən, ümumiyyətlə, Livandakı xarici gücləri istəməyən kütlə var.
İkinci arqument isə İsrailin davam edən işğalıdır. Hər nə qədər İsrail işğal və bombardmanları “Hizbullah” amilinə bağlamağa çalışsa da, Livan ərazisində qüvvələrini saxlaması yerli əhalini narahat edir. Fələstin və Suriyada olduğu kimi, İsrail işğalının davamlı olaraq qalacağından ehtiyat edirlər. Buna görə də “Hizbullah”a qarşı kampaniyaya aşağıdan ciddi dəstək yoxdur.
Nəticə olaraq da “Hizbullah” hələlik dirənir. Lakin yanvardan etibarən Livanda vəziyyət daha da gərginləşəcək və qarşıdurma şiddətlənəcək”.
Turan Rzayev
Globalinfo.az