Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Tramp marşrutu”nun (Zəngəzur dəhlizi-red.) həyata keçirilməsi zamanı Moskva və Tehranın maraqlarının nəzərə alınmalı olduğunu söyləyib. Onun sözlərinə görə, əks halda, layihə uğursuzluğa məhkum ola bilər.
Zaxarova layihənin tikinti müddəti, şərtləri və yükdaşımaların perspektivləri ilə bağlı hələ də çoxsaylı açıq sualların olduğunu qeyd edib. XİN rəsmisi həmçinin vurğulayıb ki, TRIPP Cənubi Qafqazda yeni ayırıcı xətlərin yaranmasına səbəb olmamalıdır.
Moskva yeni ayırıcı xərclər deyəndə nəyi nəzərdə tutur? Bakı, Vaşinqton və İrəvan Moskvanın bəyanatına necə reaksiya verəcək?
Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Rusiyanın hələ də TRİPP layihəsini regional maraqlarına uyğunlaşdırmaq ümidləri var:
“Moskva bu layihəyə ABŞ-la anlaşmaq imkanı olaraq baxır: Vaşinqtonun Cənubi Qafqaza daxil olması üzərindən Ukrayna məsələsində siyasi bazarlıq etmək ssenarisi aktuallığını itirməyib. Eyni zamanda regionda nəqliyyat xətlərinin Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinə də birləşdirilməsi perspektivləri var və Rusiya bundan bölgədəki maraqlarını qorumaq üçün istifadə edə bilər.
Rusiyanın əsas üstünlüklərindən biri də Ermənistan dəmir yollarını idarə etməsidir. İstisna deyil ki, Moskva dəmir yolu məsələsində müəyyən güzəştlər qarşılığında TRIPP layihəsində iştirak, yaxud layihənin də daxil olduğu regional kommunikasiyada pay əldə etməyə – bura siyasi maraqların təmin edilməsi də daxildir – çalışır. ABŞ-ın sülh missiyaları üzrə xüsusi elçisinin baş müşaviri Arye Laytstounun noyabrın 25-də verdiyi açıqlama bu kontekstdə diqqət çəkir”.

Asif Nərimanlı
Ekspert bildirib ki, Moskva TRIPP xəbərdarlığı ilə ABŞ-a “maraqlarımız nəzərə alınmasa, layihə işləməyəcək” təhdidini edir:
“Lakin bu, təhdiddən daha çox, anlaşmaq – maraqlarının nəzərə alınması üçün əlinin güclü olduğunu nümayiş etdirməyə bənzəyir. Bu baxımdan, layihədə ABŞ hökuməti ilə anlaşmaq imkanlarını dəyərləndirən Rusiya buna nail olarsa, İranın maraqlarını nəzərə almayacaq”.
Turan Rzayev
Globalinfo.az