Finlandiya hökuməti Rusiya ilə quru sərhəd-keçid məntəqələrinin bağlanmasına əsas verən sərhəd təhlükəsizliyi haqqında qanunun qüvvədəolma müddətini 2028-ci il dekabrın 31-dək uzadıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Finlandiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qanun dekabrın 1-dən qüvvəyə minəcək. Nazirliyin açıqlamasında bildirilib ki, Finlandiya ilə Rusiya arasındakı quru sərhəd-keçid məntəqələri 2023-cü il dekabrın 15-dən bağlıdır və hazırkı vəziyyət onların açılmasına imkan vermir.
Finlandiyanın daxili işlər naziri Mari Rantanen bildirib ki, ölkənin şərq sərhədində qanunsuz giriş təhlükəsi yüksək olaraq qalır. Onun sözlərinə görə, yeni qanun sərhədçilərə mümkün keçid cəhdlərinə daha effektiv reaksiya verməyə imkan yaradacaq.
Finlandiya 2023-cü ilin payızında Rusiya ilə sərhəddəki keçid məntəqələrini bağlamağa başlayıb. Helsinki bu addımı üçüncü ölkə vətəndaşlarının sığınacaq müraciətlərinin artması ilə əsaslandırıb. Finlandiya hakimiyyəti Rusiyanı həmin şəxslərin sərhədə gəlməsinə şərait yaratmaqda ittiham edib. Moskva isə ittihamları əsassız sayır.
Əliyar Xəlil