Amerikalı milyarder Todd Boehly ABŞ-ın dəstəyi ilə Rusiyanın LUKOIL enerji şirkətinin beynəlxalq aktivlərini almaq üçün 10 milyard dollarlıq müqavilə imzalayıb.
Məlumata görə, ümumi dəyəri təxminən 16 milyard dollar olan aktivlər 11 ölkəni əhatə edir və gündəlik 350 min barel neft hasil edir. Sövdələşmə ABŞ Maliyyə Nazirliyinin təsdiqindən sonra qüvvəyə minə bilər.
Prezident Donald Trampın kürəkəni Cared Kuşner də Rusiyanın ABŞ-la daha balanslı münasibətlər qurması və əməkdaşlığa başlamasının Vaşinqtonun maraqlarına xidmət edə biləcəyini söyləyib.
Vaşinqton LUKOIL planı nəyə hesablanıb? Bu əməkdaşlıqda Ukraynanı, Avropanı və Moskvanın özünü nələr gözləyir?
Globalinfo.az-a danışan siyasi şərhçi Əlabbas Məhərrəmov deyib ki, Todd Boehlinin LUKOIL-ın xarici aktivlərini almaq planı ABŞ-ın Rusiyaya dair siyasi və iqtisadi maraqları ilə əlaqələndirilir:
“Vaşinqton bununla Rusiyanın enerji bazarındakı təsirini azaltmaq və öz mövqelərini gücləndirmək istəyir.
Sövdələşmə 11 ölkədə yerləşən, ümumi dəyəri təxminən 16 milyard dollar olan aktivləri əhatə edir. Razılaşmanın qüvvəyə minməsi üçün ABŞ Maliyyə Nazirliyinin təsdiqi lazımdır.
Bu proses Ukrayna üçün Rusiyanın enerji gəlirlərinin azalması baxımından müsbət ola bilər. Avropa isə Rusiyadan enerji asılılığını azaltmaq imkanı qazanar. Bununla yanaşı, ABŞ-ın Avropa enerji bazarındakı təsiri də artacaq.

Əlabbas Məhərrəmov
Rusiya isə xaricdəki mühüm enerji aktivlərinə nəzarətini itirə bilər. Moskva bunun müqabilində Vaşinqtonla münasibətlərin yaxşılaşmasına və sanksiyaların yumşaldılmasına ümid edə bilər.
Azərbaycan üçün də bu proses əhəmiyyətlidir. ABŞ-ın Xəzər hövzəsində mövqelərinin güclənməsi ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolunu artıra bilər.
Nəticə etibarilə, Vaşinqton bu addımla həm Rusiyanın enerji təsirini azaltmağa, həm də Moskva ilə gələcək danışıqlarda əlini gücləndirməyə çalışır. Lakin bu siyasətin Ukrayna müharibəsinə necə təsir edəcəyi hələ bəlli deyil”.
Turan Rzayev
Globalinfo.az