Moskvada 20-ci mərtəbədə yerləşən mənzilinin pəncərəsindən yıxılaraq həyatını itirən azərbaycanəsilli tanınmış rusiyalı musiqi prodüseri Elmir Məhərrəmovun ölümü ilə bağlı araşdırma aparılır. İlkin məlumata görə, hadisə bədbəxt hadisə ola bilər. Bununla yanaşı, istintaq faciədən əvvəl prodüserin birlikdə yaşadığı xanımla münaqişəsinin olub-olmadığını da araşdırır.
Globalinfo.az xəbər verir ki, mərhumun yaxınlarının bildirdiyinə görə, hadisə zamanı mənzildə yalnız o və sevgilisi Nadejda olub. Onların sözlərinə görə, gənclər arasında tez-tez qısqanclıq səbəbindən mübahisə yaranırmış.
Mərhumun anası, tanınmış beynəlxalq jurnalist Mariya Məhərrəmova baş verənləri Media.Az-a şərh edib. O, oğlunun ölümü ilə bağlı borclarının olması barədə həqiqətə uyğun olmayan şayiələrin yayıldığını bildirib:
“Oğlum çox tanınmış insan idi, onun heç vaxt pulla bağlı problemi olmayıb”.
Onun sözlərinə görə, hazırda istintaq gedir və nəticələr hadisənin bədbəxt hadisə olub-olmadığını müəyyənləşdirməlidir.
“Sevgilisi ilə mübahisə edib. Bədbəxt hadisə baş verən zaman mənzildə onlardan başqa heç kim olmayıb. Hazırda istintaq gedir”, – deyə o bildirib.
Məhərrəmovanın sözlərinə görə, oğlu tanınmış ailədən olub. Elmir Məhərrəmov Sovet İttifaqı Qəhrəmanı Həbibulla Hüseynovun nəticəsi olub. Bakıda onun şərəfinə abidə ucaldılıb, küçə və məktəb adlandırılıb. Gəncin babası, polkovnik Eynulla Hüseynov Moskvadan Azərbaycana işləməyə gəlib və Qarabağ müharibəsi zamanı həlak olub.
“Oğlum Moskvada yaşayırdı, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu (MQİMO) bitirmişdi və çox tanınmış sənətçilərin prodüseri kimi çalışırdı”, – deyə o izah edib.
Anası Elmirin tərbiyəli və düzgün insan olduğunu vurğulayıb, onun heç vaxt maddi ehtiyac içində yaşamadığını bir daha qeyd edib.
Elmir Məhərrəmovun özündən kiçik İsa adlı qardaşı var.
Mariya Məhərrəmova həmçinin bildirib ki, özü dul qadındır. Övladlarının atası təxminən 10 il əvvəl avtomobil qəzasında həlak olub.
Mərhumun anası hadisə ilə bağlı tələsik şərhlər verməməyə, ekspertiza və istintaqın nəticələrini gözləməyə çağırıb.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən rəsmi açıqlama verilməyib.