“Maraqların toqquşması haqqında” qanun layihəsinin qəbulu bir qədər gecikib. Əslində, daha əvvəl qəbulu vacib olan və cəmiyyətin ehtiyac duyduğu qanun layihəsidir. Çünki bu, bütün cəmiyyəti əhatə edən, vətəndaşların gözləntilərinə cavab verən və cəmiyyətdən gələn bir tələbdir. İnsanlar mütəmadi olaraq bu məsələ ilə bağlı müraciətlər edirlər. Hesab edirəm ki, məsələnin qanunla tənzimlənməsi mövcud problemlərin aradan qaldırılmasına kömək edəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, son vaxtlar Prezidentin korrupsiyaya qarşı apardığı mübarizə nəticəsində ayrı-ayrı məmurların məsuliyyətə cəlb edildiyinin şahidi oluruq:
“Eyni zamanda, onların qanunsuz və korrupsiya yolu ilə əldə etdikləri vəsaitləri ailə üzvlərinin, qohumlarının və yaxın ətraflarının adına rəsmiləşdirməsi, nəticədə öz adlarına heç bir əmlakın, hətta yaşayış evinin belə olmaması və kirayədə yaşadıqlarını bildirmələri kimi hallarla rastlaşırıq. Bu cür hallar insanlarda ikrah hissi doğurur.
Hesab edirəm ki, bəyannamələrin əvvəlcədən açıqlanması bu kimi halların üzə çıxarılmasına imkan verəcək. Çünki bir çox hallarda həmin şəxslər əmlaklarının və vəsaitlərinin keçmişdən qaldığını, babalarından miras olduğunu iddia edirlər. Halbuki araşdırma aparıldıqda məlum olur ki, həmin şəxslərin babaları belə, maddi baxımdan imkanlı olmayıb, lütün biri olub. Bəzən isə əmlakın başqa şəxslərin adına rəsmiləşdirildiyi ortaya çıxır. Düşünürəm ki, bəyannamələr bütün bu məsələləri açıq şəkildə ortaya qoyacaq”.
Safura Bənnayeva
Globalinfo.az