Bakıda fəaliyyət göstərən “Flora Baku” musiqili məkanının bağlanmaq təhlükəsi ilə üzləşməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Məkanın rəhbərliyinin iddiasına görə, buna səbəb qonşuluğa yeni köçən şəxsin şikayəti və həmin şəxsin icra nümayəndələrindən birinin bacısı olduğunu bildirməsidir. Hətta obyektin söküləcəyi ilə bağlı xəbərdarlıq edildiyi də iddia olunub. Məsələ ictimailəşdikdən sonra isə aidiyyəti qurumlarla aparılan danışıqlar nəticəsində problemin həll olunduğu və məkanın fəaliyyətini davam etdirəcəyi açıqlanıb. Hadisə bir sıra suallar doğurub.
Azərbaycanda hər hansı obyekt bir vətəndaşın şikayəti əsasında bağlana və ya sökülə bilərmi? Şikayət sahibinin dövlət qurumunda çalışan şəxslə qohumluq əlaqəsinin olması prosesə təsir göstərə bilərmi?
Globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, vətəndaşın şikayəti dövlət orqanı üçün araşdırma aparmağa əsas yaratsa da, obyektin bağlanması və sökülməsi üçün müstəqil hüquqi əsas deyil:
“Məsələn, sakin musiqili məkanın səs-küyündən narahatdırsa, aidiyyəti qurumlara müraciət edə bilər. Dövlət orqanları iddiaları araşdırmalı, pozuntu aşkarlanarsa, qanunvericiliyə uyğun tədbirlər görməlidir. Lakin qonşunun narazılığı hüquq pozuntusunun sübutu sayıla bilməz. Burada sahibkarın iqtisadi fəaliyyət azadlığı ilə qonşuların sağlamlıq və istirahət hüquqları arasında tarazlıq qorunmalıdır. Səs-küy, sanitariya və təhlükəsizlik normalarının pozulması təsdiqlənərsə, xəbərdarlıqdan inzibati məsuliyyətə qədər müxtəlif tədbirlər görülə bilər. Ancaq hər pozuntu obyektin bağlanmasını zəruri etmir. Bağlanma və söküntü fərqli hüquqi prosedurlardır. “Şəhərsalma və Tikinti Məcəlləsi”nin 95-ci maddəsi tikinti obyektlərinin sökülməsi hallarını tənzimləyir. Ümumi qaydaya əsasən, müvafiq icra hakimiyyəti orqanı söküntü ilə bağlı məhkəməyə müraciət etməlidir. Yəni vətəndaşın şikayəti əsasında vəzifəli şəxsin özbaşına söküntü qərarı verməsi qanuni proseduru əvəz edə bilməz”.
Ellada Bayramova
Hüquqşünas bildirib ki, hər bir vətəndaşın şikayət vermək hüququ var:
“Ancaq qohumluq əlaqəsindən istifadə edərək dövlət orqanının qərarına təsir göstərmək və xidməti səlahiyyətləri şəxsi maraqlara yönəltmək yolverilməzdir. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanun dövlət qulluqçularından obyektivlik və qərəzsizlik tələb edir. Dövlət vəzifəsi şəxsi və ailə maraqlarının təmin edilməsi vasitəsi ola bilməz. Konstitusiyanın 29, 60 və 71-ci maddələri mülkiyyət hüququnu, hüquqi müdafiə imkanlarını və hüquqların yalnız qanuni əsaslarla məhdudlaşdırılmasını təmin edir. Hər hansı inzibati müdaxilə zəruri və mütənasib olmalı, qərar qəbul edilməzdən əvvəl sahibkarın mövqeyi də nəzərə alınmalıdır. Bütün hallarda vətəndaşın şikayəti araşdırılmalı, sahibkarın hüquqları qorunmalı, dövlət məmurunun səlahiyyətləri şəxsi münasibətlərin təsirindən kənarda qalmalıdır”.
Ləman İmran
Globalinfo.az