
Rusiyada məktəblilər üçün “Siklon” adlı zirehli jilet istehsal edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Texnokryptonit” şirkəti məlumat yayıb.
Bildirilib ki, qoruyucu geyim uşaqların anatomik xüsusiyyətləri nəzərə alınmaqla dizayn edilib:
“Zirehli jilet qəlpələrə və tapança güllələrinə qarşı müdafiə təmin edən Бр1+С2 sinfinə aiddir və Rusiya dövlət standartlarına uyğun sınaqlardan keçirilib.
Modelin əsas xüsusiyyətləri arasında yüngül konstruksiya, işığı əks etdirən elementlər və yuyulması mümkün olan çıxarıla bilən üzlük yer alır. Sınaqlar zamanı uşaqların jileti 30-60 saniyə ərzində geyinə bildiyi müəyyən edilib”.
Rusiya İqtisadiyyat Universitetinin siyasi təhlil və sosial-psixoloji proseslər kafedrasının dosenti, polkovnik Aleksandr Perenciyev hesab edir ki, təhlükənin yüksək olduğu ərazilərdə uşaqlara zirehli jiletlərlə yanaşı, qoruyucu dəbilqələr də verilə bilər.
Onun fikrincə, bu cür vasitələr atəşə tutulma və pilotsuz uçuş aparatlarının hücumları zamanı uşaqların xəsarət alma riskini azalda bilər.
Safura Bənnayeva
Globalinfo.az