qaz

Avropada təbii qazın qiyməti havaların kəskin soyuması və qlobal tədarükdə yaranan məhdudiyyətlər fonunda sürətlə artıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilib ki, Şimal-Qərbi Avropada soyuq hava şəraitinin dekabrın əvvəlinədək davam edəcəyi ilə bağlı proqnozlar qaz bazarında qiymət artımına səbəb olub.

“Bazar ertəsi Avropada qaz fyuçerslərinin qiyməti 8,6% yüksələrək 1 meqavat-saat üçün 96,075 avroya (105,54 dollar) çatıb. Qiymət artımına təsir göstərən digər mühüm amil ABŞ və İran arasında davam edən münaqişə fonunda mayeləşdirilmiş təbii qazın (LNG) tədarükündə yaranan məhdudiyyətlərdir.

Eyni zamanda, Avropanın qaz anbarlarında ehtiyatların əvvəlki illərlə müqayisədə aşağı olması bazardakı narahatlığı artırır. Asiya ölkələrində də havaların soyuması LNG-yə tələbatı yüksəldə və Avropa ilə Asiya arasında qaz uğrunda rəqabəti gücləndirə bilər.

Bundan əlavə, Avropada külək enerjisi istehsalının azalması elektrik enerjisi istehsalında qazdan istifadənin artmasına səbəb ola bilər”, – deyə agentlik qeyd edib.

Analitiklərin fikrincə, soyuq hava şəraitinin və təchizat problemlərinin davam etməsi Avropanın enerji bazarında qiymət dəyişkənliyini daha da gücləndirə bilər.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: