WhatsApp Image 2026 11 21 at 14.54.28

İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin Hörmüz boğazının açılması məsələsini ABŞ-la ekspertlər səviyyəsində müzakirə etməyə hazır olduğunu bildirib.

Əraqçi qeyd edib ki, danışıqların başlanması üçün Vaşinqton 2 əsas şərti yerinə yetirməlidir. Birincisi, ABŞ İranla razılaşma əldə etmək niyyətində olduğunu açıq şəkildə bəyan etməli, ikincisi isə qarşılıqlı etimadın yaradılması üçün konkret tədbirlər görməlidir.

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, İranın Hörmüz boğazının açılması ilə bağlı ABŞ-la danışıqlara hazır olduğunu bəyan etməsi Tehran administrasiyasının mövcud geosiyasi təzyiqlər fonunda diplomatik manevr imkanlarını qorumağa çalışdığını göstərir:

“Lakin İranın irəli sürdüyü iki şərt, əslində, danışıqların başlanması üçün məsuliyyəti Vaşinqtonun üzərinə qoymaq cəhdidir. Tehran bir tərəfdən ABŞ-ın razılaşma niyyətini açıq şəkildə bəyan etməsini, digər tərəfdən isə qarşılıqlı etimadın yaradılması istiqamətində konkret addımlar atmasını tələb edir. Burada diqqətçəkən məqam ondan ibarətdir ki, İran Hörmüz boğazı kimi strateji əhəmiyyətli beynəlxalq nəqliyyat arteriyasını siyasi sövdələşmə vasitəsinə çevirməyə çalışır. Halbuki boğazın təhlükəsizliyi yalnız ABŞ-İran münasibətlərinin deyil, qlobal enerji bazarlarının və beynəlxalq ticarətin sabitliyi baxımından da mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən Tehranın irəli sürdüyü şərtlər Vaşinqton tərəfindən konstruktiv diplomatik təşəbbüsdən daha çox siyasi təzyiq mexanizmi kimi qiymətləndirilə bilər.

zuriye qarayeva 900x600 1
Züriyə Qarayeva

ABŞ Prezidenti Donald Trampın İranın Vaşinqtonun razılaşma şərtlərini qəbul etməyə hazır olmadığını bildirməsi isə tərəflər arasında fundamental fikir ayrılıqlarının davam etdiyini göstərir. Vaşinqton üçün əsas prioritet İranın regional təhlükəsizliyə yaratdığı risklərin azaldılması, beynəlxalq gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi və Tehranın strateji təzyiq imkanlarının məhdudlaşdırılmasıdır. İran isə danışıqların şərtlərini müəyyənləşdirməklə öz mövqeyini gücləndirməyə çalışsa da, iqtisadi sanksiyalar və beynəlxalq təcrid onun manevr imkanlarını məhdudlaşdırır. Hesab edirəm ki, yaxın perspektivdə ekspertlər səviyyəsində təmasların başlanması mümkündür, lakin bu, avtomatik olaraq Hörmüz boğazının açılması və ya genişmiqyaslı razılaşmanın əldə edilməsi demək deyil. Əsas məsələ İranın bəyanatlardan konkret öhdəliklərə keçib-keçməyəcəyidir. Əks halda, ABŞ-ın diplomatik təzyiqləri iqtisadi və hərbi çəkindirmə tədbirləri ilə gücləndirməsi ehtimalı artacaq”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: