Rusiya Prezidenti Vladimir Putin Çindən birbaşa Tacikistana işgüzar səfərə gedib. O, səfər çərçivəsində Tacikistan Prezidenti Emoməli Rəhmonla danışıqlar aparacaq.
Putinin bu səfərinin məqsədi nədir? Niyə Çindən sonra məhz Tacikistan?
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Putinin Çindən dərhal sonra Tacikistana səfər etməsi təsadüfi deyil:
“Tacikistan Rusiyanın həm MDB, həm KTMT, həm də Avrasiya İqtisadi İttifaqı çərçivəsində əsas tərəfdaşlarından biridir. Digər tərəfdən, Rusiya Mərkəzi Asiyanı özünün arxa bağçası hesab edir. Bu səfər həm də regionun Kremlin təsir dairəsində olduğu barədə mesajdır.
Bir neçə gün öncə Rusiyanın Qərbə və ABŞ-a verdiyi mesaj 2021-ci ildəki yanaşmanı xatırladırdı. Ötən gün Şençjendə Çin, ABŞ və Rusiya prezidentləri arasında keçirilən görüşdən əvvəl Kremlin ideoloqu Aleksandr Duqinin paylaşdığı xəritələr və səsləndirilən fikirlər görüşün “ikinci Yalta konfransı” xarakteri daşıdığını deməyə əsas verir. Tacikistan Rusiya üçün mühüm ölkədir. Mərkəzi Asiyada Kremlin yeganə hərbi bazası məhz bu ölkədə yerləşir.
Putin bu səfəri ilə Rusiyanın regiondakı maraqlarının vacibliyi barədə mesaj verdi”.
Turan Rzayev
Globalinfo.az