kend 1

2027-ci ildən kənd təsərrüfatı sahəsində vergi güzəştləri dəyişdiriləcək. Belə ki, indiyədək tam vergidən azad olan fermer və aqrar istehsalçıların gəlir və mənfəətinin 90 faizi güzəştli olacaq, qalan 10 faizi isə vergiyə cəlb ediləcək. Bu dəyişiklikdən dövlət büdcəsinə əlavə 13 milyon manat daxil olması gözlənilir.

İqtisadçı Natiq Cəfərli yeni qərarı tənqid edərək, cüzi büdcə gəliri müqabilində fermerlər üçün əlavə vergi və hesabatlılıq yükü yaradılmasının məqsədəuyğun olmadığını bildirib.

Globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimovun fikrincə, əlavə büdcə gəliri əldə etmək naminə fermerlərin üzərinə yeni vergi öhdəliyi qoyulması aqrar sektorun inkişafı və ölkənin uzunmüddətli iqtisadi maraqları ilə uzlaşmır:

“İlk növbədə, kənd təsərrüfatının bugünkü vəziyyətinə baxmaq lazımdır. Yanacaq, gübrə, toxum, texnika, logistika və digər istehsal xərcləri yüksəkdir. Suvarma, məhsulun saxlanması və satış bazarlarına çıxışla bağlı problemlər də mövcuddur. Belə bir şəraitdə vergi yükünün artırılması fermerlərin maliyyə imkanlarını daha da məhdudlaşdıracaq. Nəticədə istehsal xərcləri arta, bu da məhsulun satış qiymətinə və son istehlakçıya təsir göstərə bilər. Vətəndaş vergi və digər ödənişləri qarşılamaq üçün ilk növbədə gəlir əldə etməlidir”.

İqtisadçının sözlərinə görə, gəlir yaratmaq imkanları zəiflədikcə vergi ödəmək qabiliyyəti də azalır:

“Azərbaycan kimi təbii resurslarla zəngin ölkələrdə neft və qaz gəlirlərindən asılılıq digər sahələrin inkişafını zəiflədə bilər. İqtisadiyyatda bu, Holland xəstəliyi və resurs lənəti kimi tanınır. Təbii resurslardan əldə olunan gəlirlər əsas iqtisadi hərəkətverici qüvvəyə çevrildikdə qeyri-neft sektorunun rəqabət qabiliyyəti zəifləyə, yerli istehsalın inkişafı ləngiyə bilər. Bu risk xüsusilə kənd təsərrüfatı və emal sənayesi üçün aktualdır”.

A.İbrahimov qeyd edib ki, kənd təsərrüfatına verilən vergi güzəştləri sadəcə fiskal imtiyaz deyil, yerli istehsalın və ərzaq təhlükəsizliyinin qorunması üçün mühüm iqtisadi stimuldur:

“Fermerin sərəncamında qalan vəsait yeni texnika alınmasına, məhsuldarlığın artırılmasına və təsərrüfatın genişləndirilməsinə yönəldilə bilər. İndi isə sual yaranır: cəmi 13 milyon manat əlavə büdcə gəliri əldə etmək üçün bu stimulların məhdudlaşdırılması nə dərəcədə səmərəlidir? Qərar qəbul edilərkən yalnız büdcəyə daxil olacaq məbləğ deyil, fermerlərin əlavə mühasibat xərcləri, investisiyaların azalması və istehsalın zəifləməsi kimi mümkün nəticələr də nəzərə alınmalıdır”.

asif ibrahimov 1

Asif İbrahimov

Ekspert bildirib ki, yeni qaydalar xüsusilə kiçik və orta fermer təsərrüfatları üçün əlavə çətinlik yarada bilər:

“Böyük aqrar şirkətlərin müəyyən maliyyə və idarəetmə imkanları var. Kiçik fermerlər isə əsasən məhdud kapital və ailə əməyinə əsaslanırlar. Yeni vergi öhdəliyi ilə yanaşı, uçot və hesabatlılıq tələbləri də onların xərclərini artıracaq. Bu, bəzi təsərrüfatların fəaliyyətini daraltmasına, investisiyaları təxirə salmasına və qeyri-rəsmi fəaliyyətə meyillənməsinə səbəb ola bilər”.

Asif İbrahimov hesab edir ki, büdcə gəlirlərini artırmaq üçün ilk növbədə kölgə iqtisadiyyatının azaldılması, vergi bazasının genişləndirilməsi və qeyri-neft sektorunda yeni istehsal imkanlarının yaradılması istiqamətində iş aparılmalıdır:

“Neft gəlirlərindən asılılığı azaltmaq istəyən ölkə qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişafını məhdudlaşdıran addımlardan ehtiyat etməlidir. Fermerin qazancından əlavə vergi toplamaq qısamüddətli fiskal nəticə verə bilər, lakin onun istehsal imkanlarını zəiflətmək uzunmüddətli iqtisadi itkilərə səbəb ola bilər”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: