Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Azərbaycana hər hansı ərazi güzəştinə getmədiyini və belə bir məsələnin hökumətin gündəliyində olmadığını bildirib.
Globalinfo.az xəbər verir ki, Paşinyan bu barədə parlamentdə hökumət saatı zamanı danışıb.
“Deyə bilərik ki, heç nədən imtina etməmişik və bu niyyətdə də deyilik. Buna heç bir zərurət yoxdur və belə bir məsələ ümumiyyətlə gündəlikdə deyil”, – deyə baş nazir vurğulayıb.
Paşinyanın sözlərinə görə, Ermənistan hökumətinin siyasəti “Real Ermənistan” ideologiyasına əsaslanır və hakimiyyətin məsuliyyəti ölkənin beynəlxalq səviyyədə tanınmış ərazisini əhatə edir.
Baş nazir Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası prosesinə də toxunub. O bildirib ki, bu proses iki ölkənin dövlət sərhədinin delimitasiyası üzrə komissiyalarının birgə fəaliyyəti haqqında Əsasnamə ilə tənzimlənir. Sənəd Ermənistan parlamenti tərəfindən ratifikasiya olunub.
Əliyar Xəlil