ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin Ukrayna məsələsində güzəştlərə getdiyini söyləyib.
O bildirib ki, Rusiya lideri Ukrayna ilə bağlı mövqeyini yumşaldıb.
“Putin bir qədər geri çəkilir. O, daha sərt davrana bilərdi”, – Tramp söyləyib.
Putin nə kimi güzəştlərə gedir? Rusiya hansı ərazilərdən imtina edə bilər?
Globalinfo.az-a danışan siyasi şərhçi Ülviyyə Zülfüqar deyib ki, Donald Trampın bu fikirləri Rusiya rəhbərliyinin sülh danışıqlarında əvvəlki sərt mövqeyini qismən yumşaltması ehtimalı ilə əlaqələndirilə bilər:
“Xüsusilə son dövrlərdə ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqlarda ərazi məsələləri və Ukraynaya veriləcək təhlükəsizlik təminatları ətrafında müəyyən kompromis imkanlarının müzakirə edildiyi bildirilir. Bununla belə, Trampın bəyanatını Rusiyanın konkret ərazilərdən imtina etməyə razılaşması kimi qiymətləndirmək hələ tezdir. Ərazi güzəştlərinə gəldikdə isə əsas mübahisə, məlum olduğu kimi Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətləri ətrafında davam edir. Mümkün kompromis variantlarından biri Rusiyanın hazırda nəzarət etmədiyi bəzi ərazilərlə bağlı iddialarını yumşaltması, yaxud mövcud təmas xətti əsasında atəşkəsə razılaşması ola bilər. Lakin Kreml indiyədək bu istiqamətdə rəsmi güzəşt elan etməyib və xüsusilə Donbasın bütövlükdə Rusiyanın nəzarətinə keçməsi tələbindən açıq şəkildə geri çəkilməyib.
Məncə, Trampın açıqlamasına həm də Vaşinqtonun diplomatik strategiyası kontekstində yanaşmaq lazımdır. ABŞ prezidenti Putinin mövqeyində yumşalma olduğunu vurğulamaqla danışıqlarda irəliləyiş əldə edildiyi barədə mesaj verir və tərəfləri kompromisə təşviq etməyə çalışır. Digər tərəfdən, müharibənin uzanması, hərbi itkilər, iqtisadi təzyiqlər və beynəlxalq sanksiyalar rəsmi Moskvanın danışıqlarda daha çevik mövqe nümayiş etdirməsini şərtləndirən amillər sırasında qiymətləndirilə bilər. Ancaq Rusiyanın real güzəştlərə nə dərəcədə hazır olduğunu müəyyənləşdirəcək əsas göstərici konkret ərazi razılaşmaları, atəşkəs şərtləri və onların icrası istiqamətində atılacaq addımlar ola bilər”.
Turan Rzayev
Globalinfo.az