Xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə 23 sentyabrdan etibarən metronun “Xocəsən” və “Avtovağzal” stansiyalarına giriş müvəqqəti müddət üçün ödənişsiz edilib.
Globalinfo.az bildirir ki, indiyə qədər hər iki stansiyadan 700 min nəfərdən çox sərnişin pulsuz istifadə edib. Bu proses nə vaxta qədər davam edəcək və adıçəkilən stansiyalardan pulsuz istifadə nə vaxt başa çatacaq?
Məsələ ilə bağlı “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov Oxu.Az-a bildirib ki, prosesin başa çatacağı vaxt hələlik məlum deyil:
“Hazırda “Avtovağzal” və “Xocəsən” stansiyalarında ödənişsiz keçidin davam edəcəyi konkret tarix müəyyən edilməyib. Bununla bağlı qərar nəqliyyatın mərkəzləşdirilmiş idarə olunması çərçivəsində aparılmış monitorinqlər və sosial-iqtisadi təhlillər əsasında veriləcək”.