Milli Məclisin bu gün keçirilən plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı maraqlı dialoq yaşanıb.
Globalinfo.az xəbər verir ki, iclasda deputat Səyyad Aranla spiker Sahibə Qafarova arasında müzakirə müddəti ilə bağlı fikir mübadiləsi olub.
Səyyad Aran: “Mənim haqqımı heç kim ala bilməz. Bəziləri deyir ki, beş dəqiqə, üç dəqiqə… Nə deyim, danışmaq istəmirsinizsə, danışmayın. Yaxud iki-üç dəqiqə danışın. Başqalarına da söz vermək lazımdır. Bu Milli Məclisdir, danışmaqxanadır. Bir dəqiqə bitdi deyə, sözü yarımçıq kəsmək düzgün deyil”.
Sahibə Qafarova: “İlk növbədə, bura danışmaqxana deyil! Parlament etikasına və leksikasına riayət etməyinizi xahiş edirəm.
İkinci məsələ isə ondan ibarətdir ki, reqlamentin beş dəqiqəyə endirilməsi təklif olundu və səs çoxluğu ilə qəbul edildi. Bundan əvvəl İlham müəllim danışırdı, cümləsini hələ bitirməmişdi. Dedim ki, mənə bir dəqiqə də verin, onu sizə verəcəyəm. Amma niyə büdcə məsələsini yenidən ittihamla başlayırsınız? Xahiş edirəm, buyurun, ürəyiniz nə qədər istəyirsə, danışın. Biz əvvəlcədən də söz verə bilərik. Buyurun, sizi dinləyirik”.
Səyyad Aran: “Çox təşəkkür edirəm. Sizin bu şəfqətiniz məni duyğulandırdı.
Bu iki büdcə nəinki ən böyük büdcələrimizdir, həm də gələcək üçün mühüm imkanlar yaradır. Hesab edirəm ki, gələn il hansı mövqedən danışacağımızı düşünməliyik. Çox xoşbəxtəm ki, bəzilərinin riyazi hesablamalarla xəyal kimi gördüyü, amma hələ reallıqda görmədiyi mənzərəni gələcəkdə yaşayacağıq. Mən inanıram ki, Qarabağda məskunlaşma prosesi tam başa çatdıqdan sonra həm iqtisadi imkanlarımız, həm büdcə gəlirlərimiz, həm də Azərbaycan xalqının sosial rifah səviyyəsi daha da yüksələcək. Bunu düşmənlərimiz də görürlər. Bəzən müxtəlif bəhanələrlə Azərbaycan haqqında əsassız ittihamlar irəli sürür, ölkəmizə qarşı təzyiqlər göstərməyə çalışırlar. Səbəb isə dövlətimizin artan gücüdür”.
Safura Bənnayeva
Globalinfo.az