WhatsApp Image 2026 11 17 at 12.00.18

Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas Rusiyadan Gürcüstan və Moldovadakı qoşunlarını çıxarmağı tələb edir.

Kallas bildirib ki, Aİ-nin hazırladığı maksimal tələblər arasında Rusiya hərbçilərinin yerləşdikləri digər ölkələrin ərazilərindən çıxarılması da var.

O, bunun beynəlxalq hüququn və BMT Nizamnaməsinin tələblərinə uyğun olduğunu vurğulayıb.

Rusiya qoşunları çıxaracaq? Kallasın çağırışının məqsədi nədir?

Globalinfo.az-a danışan siyasi şərhçi Cavanşir Abbaslı deyib ki, Avropa İttifaqının Rusiyadan Gürcüstan və Moldovadakı qoşunlarını çıxarmağı tələb etməsi real nəticəyə hesablanmış addımdan daha çox, növbəti siyasi bəyanat təsiri bağışlayır:

“Çünki biz uzun illərdir bu cür çağırışların şahidi oluruq, amma nəticə dəyişmir. Dnestryanı bölgədə, Abxaziyada və Cənubi Osetiyada Rusiya hərbi qüvvələri qalmaqda davam edir. BMT dəfələrlə müxtəlif qətnamələr və çağırışlarla çıxış etsə də, bunların heç biri Moskvanın mövqeyini dəyişməsi üçün kifayət etməyib. Əslində, bu gün BMT özü də qəbul etdiyi qərarların icrasına nail olmaqda çətinlik çəkən, təsir imkanları məhdudlaşan bir quruma çevrilib. Avropa İttifaqının da son dövrlərdə oxşar vəziyyətlə üzləşdiyini görürük.

Böyük Britaniyanın ittifaqdan ayrılması Avropanın siyasi birliyi və vahid strategiyası ilə bağlı ciddi suallar doğurub. Digər tərəfdən, Avropanın Rusiya siyasətində də əvvəlki sərt mövqedən müəyyən qədər uzaqlaşma meyilləri müşahidə olunur. Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı Qərbdə fərqli yanaşmaların ortaya çıxması və Moskva ilə mümkün razılaşmaların müzakirəyə çıxarılması bunu göstərir. Bir məqamı da nəzərə almaq lazımdır ki, hazırda Rusiya Ukraynada genişmiqyaslı müharibə aparır və Qərbin bütün siyasi, iqtisadi və hərbi təzyiqlərinə baxmayaraq, geri çəkilmək niyyətində olduğunu nümayiş etdirmir. Belə olan halda, Rusiyanın qarşısını almaqda çətinlik çəkən Avropa İttifaqının Gürcüstan və Moldovadakı rus qoşunlarının çıxarılmasına nail olacağına inanmaq üçün heç bir ciddi əsas yoxdur.

WhatsApp Image 2024 05 31 at 00.13.57 e1751440420915
Cavanşir Abbaslı

Kallasın bəyanatı daha çox Avropa İttifaqının mövcud siyasi mövqeyini ifadə edir. Lakin siyasi bəyanatla real nəticə əldə etmək mümkün deyil. Bunun üçün konkret təsir mexanizmləri və siyasi iradə lazımdır. Hesab edirəm ki, Rusiya qoşunlarının həmin ərazilərdən çıxarılması yaxın perspektivdə mümkün görünmür və bu məsələ hələ uzun illər beynəlxalq gündəmdə qalacaq. Ona görə də bu cür çağırışları ciddi siyasi nəticə vəd edən addım kimi deyil, Avropa İttifaqının növbəti diplomatik bəyanatı kimi qəbul etmək daha doğru olar”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: