“2027-ci il dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi, əslində, yalnız növbəti maliyyə ili üçün gəlir və xərclərin müəyyənləşdirilməsi deyil, həm də uzunmüddətli dövlətçilik strategiyasının, milli iqtisadiyyatın dayanıqlılığının, maliyyə suverenliyimizin və ölkənin yeni inkişaf mərhələsində qarşıya qoyduğu strateji hədəflərin qiymətləndirilməsi baxımından mühüm siyasi, hüquqi və iqtisadi əhəmiyyət daşıyır”.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
Deputat bildirib ki, maliyyə resurslarını milli prioritetlərə uyğun müstəqil şəkildə səfərbər edə bilən dövlət siyasi qərarlarının həyata keçirilməsi üçün daha geniş imkanlara malik olur:
“Bilirsiniz ki, büdcə müzakirələri ərəfəsində radikal antimilli ünsürlər, savadına və bacarığına görə yox, məhz anti-Azərbaycan mövqeyinə görə xaricdə “hörmət” görən psevdo iqtisadçılar, təqaüdə çıxdıqdan sonra “vicdanlı ekspertə” çevrilmiş keçmiş korrupsionerlər yersiz müqayisələrə və region ölkələrinin göstəricilərinin uğursuz formada qarşılaşdırılmasına əsaslanan məqsədli proqnozlarla ictimai fikri çaşdırmağa çalışır.
Birincisi ondan başlayaq ki, qalib və məğlubu müqayisə etmək özü özlüyündə qüsurludur və acizliyin göstəricisidir.
İkincisi, regionun heç bir dövlətinin sərhədləri daxilində müharibə getməyib. Bizdə isə işğal nəticəsində 20 min km2 ərazidə daş-daş üstündə qalmamışdı. Biz 30 il ikili standartlara məruz qalmışıq. Belə bir şəraitdə mütləq zəfər qazanan Prezident İlham Əliyev bu gün dünyanın 40 dövlətinin ərazisindən daha böyük əraziyə sıfırdan həyat qaytarır və bu prosesdə nəinki, yalnız öz imkanlarımızla hərəkət edirik, üstəlik ayağımızın büdrəməsini gözləyən onlarla güc var. Əgər İlham Əliyev şəxsiyyəti, onun rəhbərliyi ilə artan iqtisadi imkanlar və yaradılan təhlükəsizlik arxitekturası olmazsa, nə müstəqillik qalar, nə suverenlik”.
Safura Bənnayeva
Globalinfo.az