“Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkə iqtisadiyyatı inkişaf edib, əhalinin rifahı yüksəlib, dövlətimizin maliyyə imkanları daha da genişlənib. Dövlət başçısının qeyd etdiyi kimi, iqtisadiyyatın şaxələndirilməsi artıq reallığa çevrilib. Lakin bu prosesi, davam etdirməliyik”.
Globalinfo.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev deyib.
O qeyd edib ki, bu gün qarşıda duran əsas vəzifə əldə olunmuş nailiyyətləri qorumaqla yanaşı, ölkənin inkişafını yeni mərhələyə daşımaq, iqtisadi artımın dayanıqlığını təmin etmək və artan maliyyə imkanlarından maksimum səmərəli istifadə etməkdir:
“Bu baxımdan qeyri-neft sektorunun inkişafı, özəl sektorun iqtisadiyyatda rolunun artırılması, əhalinin rifahının yüksəldilməsi, müdafiə və təhlükəsizlik məsələlərinin həlli, potensialımızın gücləndirilməsi, eləcə də işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin davam etdirilməsi dövlət siyasətinin başlıca istiqamətləri olaraq qalır.
Eyni zamanda, qlobal miqyasda müşahidə olunan qeyri-müəyyənliklər və xarici bazarlardakı dəyişkənliklər fiskal siyasətdə ehtiyatlı yanaşmanı, büdcə intizamını və dövlət maliyyəsinin dayanıqlığını xüsusi aktuallıqla gündəmə gətirir. 2027-ci ilin dövlət büdcəsi məhz bu prioritetlər və mövcud iqtisadi reallıqlar nəzərə alınmaqla hazırlanıb. Büdcə siyasətində əsas yanaşmamız iqtisadi inkişafın maliyyə təminatını yaratmaqla yanaşı, dövlətin sosial və strateji öhdəliklərini tam yerinə yetirmək, büdcə resurslarından istifadənin səmərəliliyini artırmaq və uzunmüddətli fiskal dayanıqlığı qorumaqdır”.
Nazir bildirib ki, 2027-ci ildə Azərbaycanda ümumi daxili məhsulun real ifadədə 2.7% artaraq 141 milyard manata çatacağı proqnozlaşdırılır:
“İqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun dinamik inkişafı nəticəsində ÜDM-in 77.4%-nin, yaxud 109.1 milyard manatının qeyri-neft sektorunun payına düşəcəyi gözlənilir. Bu, 2026-cı illə müqayisədə nominal ifadədə 9.1 milyard manat, real ifadədə isə 4.4% çoxdur. Monetar və fiskal siyasətin sıx əlaqələndirilməsi nəticəsində növbəti ildə də manatın məzənnəsinin sabit saxlanılması nəzərdə tutulur. Manatın məzənnəsinin 1.7 manat, illik inflyasiyanın isə 5.3% olacağı proqnozlaşdırılır.
2027-ci il üçün Azeri Light markalı xam neftin dünya bazarlarında bir barelinin orta satış qiyməti 65 ABŞ dolları səviyyəsində proqnozlaşdırılır. Beynəlxalq maliyyə bazarlarındakı dalğalanmalar nəzərə alınaraq neftin qiymətinin müəyyənləşdirilməsində mühafizəkar yanaşma əsas götürülüb”.
S.Babayev əlavə edib ki, cari ilin 1 oktyabr tarixinə ölkənin məcmu valyuta ehtiyatları 89.4 milyard ABŞ dolları təşkil edib:
“Bu göstərici xarici dövlət borcunu təqribən 20 dəfə üstələyir və proqnozlaşdırılan illik ÜDM-in 110%-nə bərabərdir. Azərbaycan ÜDM-dən artıq həcmdə valyuta ehtiyatlarına malik olan azsaylı ölkələrdəndir. Cari ilin 1 oktyabr tarixinə dövlət borcu 23.9 milyard manat və ya illik ÜDM-in 17.3%-i səviyyəsində olub”.
Nazirin sözlərinə görə, iqtisadiyyatın diversifikasiyası və qeyri-neft istehsalının stimullaşdırılması nəticəsində növbəti ildə də neftdən asılılığın azaldılması tendensiyası qorunur:
“Belə ki, 2027-ci il üçün icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin cari illə müqayisədə 1.7 faiz bəndi azalaraq 17.1% təşkil edəcəyi proqnozlaşdırılır. Bu, fiskal qaydanın tətbiqindən bəri qeydə alınan ən yaxşı göstəricidir. Ortamüddətli dövrdə bu göstəricinin 2029-cu ildə 13%-ə, 2030-cu ildə isə 12%-ə endirilməsi əsas hədəflərdən biridir. 2027-ci ildə icmal büdcənin gəlirlərində qeyri-neft gəlirlərinin payının 64.5%, dövlət büdcəsinin gəlirlərində isə 60.6% təşkil edəcəyi gözlənilir. Bu, cari illə müqayisədə müvafiq olaraq 1.5 və 3.2 faiz bəndi çoxdur”.
Safura Bənnayeva
Globalinfo.az