“Son illərdə dövlət maliyyəsinin idarə olunması sistemində institusional islahatlara başlanılıb, büdcə siyasəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Hazırda maliyyə intizamının gücləndirilməsi və fiskal dayanıqlığın təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir”.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Azər Əmiraslanov deyib.
O qeyd edib ki, büdcə siyasətinin əsas hədəfi maliyyə dayanıqlığını qorumaqla yanaşı, davamlı iqtisadi inkişafı təmin etməkdir:
“Müasir iqtisadi şəraitdə ayrı-ayrı siyasət tədbirlərinin səmərəliliyi onların vahid iqtisadi strategiya çərçivəsində nə dərəcədə uzlaşdırılmasından asılıdır. Dayanıqlı makroiqtisadi sabitliyə yalnız bir-birini dəstəkləyən və tamamlayan fiskal, monetar və iqtisadi artım siyasətlərinin uzlaşdırılması əsasında nail olmaq mümkündür.
Xarici borcun ümumi dövlət borcundakı payı 32% təşkil etsə də, hökumət tərəfindən onun orta müddətli perspektivdə mərhələli şəkildə azaldılması və daxili borcla əvəz edilməsi strategiyası davam etdiriləcək. Bu yanaşmanı əsaslı hesab edirik. Çünki xarici borcun büdcəyə yaratdığı yük təkcə onun nominal həcmi və ya ümumi daxili məhsulda payı ilə deyil, eyni zamanda borcun valyuta strukturu, faiz dərəcələri, ödəmə müddətləri və borca xidmət xərcləri ilə müəyyən olunur”.
Deputat bildirib ki, büdcə imkanlarının məhdud olduğu, eyni zamanda yeni maliyyə ehtiyaclarının yarandığı şəraitdə ilk addım hər zaman əlavə maliyyə mənbələrinin axtarılması olmamalıdır:
“Hər yeni prioritet istiqamət mütləq əlavə xərc demək deyil. Bəzi hallarda daha məqsədəuyğun yanaşma mövcud büdcə çərçivəsində prioritetlərin yenidən müəyyənləşdirilməsidir. Beynəlxalq təcrübədə bu yanaşma xərclərin yenidən prioritetləşdirilməsi adlanır. Çoxsaylı və təxirəsalınmaz maliyyə ehtiyacları ilə üzləşən, eyni zamanda əsas xərc prioritetlərini artıq müəyyənləşdirmiş Azərbaycan üçün bu yanaşmanın nəzərə alınması xüsusi praktiki əhəmiyyət daşıyır.
2027-ci il üçün 5.3%-lik inflyasiya və 2.7%-lik iqtisadi artım proqnozları fonunda dövlət büdcəsinin parametrləri fiskal siyasətin nisbətən sərt xarakter almasına səbəb olur. Növbəti illərdə iqtisadi fəallığın yüksəldilməsi, büdcə gəlirləri və xərclərinin real ifadədə artımının təmin edilməsi baxımından fiskal parametrlərin inflyasiya və iqtisadi artım templəri ilə daha sıx uzlaşdırılmasını vacib hesab edirik”.
A.Əmiraslanov əlavə edib ki, proqram və nəticə əsaslı büdcə mexanizminin tətbiqi dövlət maliyyə sistemində islahatların əsas istiqamətlərindən birini təşkil edir:
“Hazırda bu mexanizmin əhatə etdiyi sektorların sayı 8-ə çatdırılmışdır. 2027-ci ilin büdcə zərfində həmin sektorlar üzrə 54 dövlət proqramının maliyyələşdirilməsi üçün 13.9 milyard manat vəsait ayrılması nəzərdə tutulur. Bu, müsbət institusional dəyişiklikdir. Lakin hesab edirik ki, sektorların sayının artırılması ilə yanaşı, büdcə vəsaitlərinin nəticəyönümlü idarə olunmasının keyfiyyəti də yüksəldilməlidir. Bu baxımdan fiskal konsolidasiya siyasəti ilə nəticə əsaslı büdcə mexanizminə keçid arasında daha sıx əlaqə yaradılmalıdır.
2025-ci ildə nəticə əsaslı büdcə üzrə maliyyələşmənin həcmi 6.1 milyard manata çatıb ki, bu da ümumi büdcə xərclərinin 15.8%-ni təşkil edir. Fiskal konsolidasiya prosesinin sürətlənməsi nəticə əsaslı büdcə mexanizminin tətbiqinin də genişləndirilməsini zəruri edir. Bu iki istiqamətin daha sıx əlaqələndirilməsi büdcə vəsaitlərindən istifadənin səmərəliliyinin artırılması üçün əlavə imkanlar yarada bilər”.
Safura Bənnayeva
Globalinfo.az