Globalinfo.az saytının təsisçisi, Əməkdar jurnalist Azər Ayxanın Crossmedia.az saytına verdiyi müsahibəni təqdim edirik:
– Globalinfo.az-ın fəaliyyətə başlamasından dörd il ötür. Bu müddətdə qarşıya qoyduğunuz hədəflərdən hansına nail ola bilməmisiniz? Dörd ilin sonunda özünüzə hesabat versəniz, hansı qərarınızı dəyişmək istəyərdiniz?
– Əvvəla, bu 4 il çox sürətlə gəlib keçdi. Sanki bir göz qırpımında ötdü aylar, illər. Qarşıya qoyduğumuz əsas hədəf ilk vaxtlardan uğurlu olmaq idi. Media vitrinində tez bir zamanda öncül yeri tutmağı hədəfləmişdik. Özümə bir söz vermişdim: uğurlu alınmasa, saytı bağlayacam. Amma bilirdim ki, buna ehtiyac qalmayacaq. İlk günlərdən oxunmamız fantastik dərəcədə çox oldu. Açığı deyirəm, bu qədərini mən belə gözləmirdim. Ciddi və etibarlı resurs ünvanına çevrildik – bu da əsas hədəflərdən idi. Hazırda daha da böyümək istiqamətində çalışırıq.
Sualın ikinci hissəsinə gəlincə… Son 4 ildən artıq bir müddətdə, konkrtetləşdirsək, 2022-ci ilin 6 iyul tarixindən bəri verdiyim bütün qərarlara görə özümü hər gün alqışlayıram. Hətta düşünürəm ki, bu qərarı daha öncələrə verməli idim.
– Saytın fəaliyyətə başladığı 2022-ci ilin noyabrından indiyədək Azərbaycan mediasında ciddi dəyişikliklər baş verib. Globalinfo.az bu dəyişikliklərə uyğunlaşan media qurumu olub, yoxsa özü də informasiya məkanında müəyyən dəyişikliklərə nail ola bilib?
– Bəli, razıyam, sürətlə dəyişir media alətləri və şərtləri. Biz bu dəyişikliyə, transformasiyaya ən tez uyğunlaşmağa çalışan media subyektlərindənik. Proses o qədər sürətli və miqyaslı gedir ki, bəzən ayaq uydurmaq çətinləşdir. Amma bu dəyişiklik bizim işimizi də asalnlaşdırır. Kompüterin arxasında qalxmadan lazım olan bütün informasiyaları əldə edə bilirsən. Medianın hazırda ən ciddi dəstəkçisi süni intellekt və sosial şəbəkələrdir. Zatən dünya rəqəmsallaşmağa doğru sürət götürüb. Bu sahədə hər gün yeniliklərə şahidlik edirik. Vəziyyəti xeyrimizə yönəldə bilsək və yeniliyə qarşı çıxmasaq, əksinə, onu özümüzə tabe etdirməyi bacarsaq, hər şey yaxşı olacaq. İnsan belədir – hər zaman bütün növ yeniliklə mübarizə aparır, sonra özünü ona, onu, yəni yeniliyi də özünü tabe etdirir…
– Azərbaycan mediasında siyasi dairələrlə işləmək, informasiya əldə etmək və müxtəlif mənbələrlə münasibət qurmaq vacibdir. Bəs bu münasibətlər redaksiyanın müstəqil qərarlarına təsir göstərə bilərmi? Globalinfo.az bu sərhədi necə qoruyur?
– Kommunikasiya, şəxsi əlaqələr həyatın və peşənin vacib elementləridir. Bunsuz həyatı təsəvvür etmək mümkün deyil. Mediada buna daha çox ehtiyacın olduğunu düşünürəm. Şəxsi əlaqələr bəzən çox şeyi həll edir. Bir də görürsən heç kimin yaza bilmədiyi bir xəbəri şəxsi əlaqələr hesabına dəqiqləşdib, sayta verirsən. Yaxud həmkarların danışdırmağa imkanı edə bilmədiyi bir siyasətçidən, iş adamından, müğənnidən, həkimdən açıqlama alırsan. Xəbərçilikdə saniyələr önəmlidir. Əlaqələrin redaksiyanın müstəqil qərarlarına təsirinə gəlincə, burda gərək elə edəsən, nə saytın mövqeyi zədələnsin, nə də münasibətlər sisteminə xələl gəlsin. Artıq bu məsələdə təcrübə, menecerlik və sair amillər dövriyyəyə girir. Çalışırıq sərhədi qoruyaq.
– Elə hallar olurmu ki, redaksiya mühüm və eksklüziv məlumata sahib olsa da, onun dərcini məqsədli şəkildə təxirə salsın və ya ümumiyyətlə yayımlamasın? Belə qərarlarda hansı meyarlar əsas götürülür?
– Əlbəttə, belə hallar olur. Dövlətin, ölkənin mənafeyinə zərər gələcəksə, o xəbəri yaymaq olmaz. Ona görə yox ki, inzibati amillər buna imkan vermir, əsas burda jurnalist, media rəhbəri üçün vicdanı və ölkəsinin mənafeyi öndə gəlməlidir. Üstəlik, bu, ictimai məsuliyyətdir. “Vətənpərvərlikmi, xəbərpərvərlikmi” sualı çıxırsa ortaya, mən birincini seçirəm. Biz bu ölkəyə faydalı olmağa borcluyuq. Bir xəbəri yayıb, dövlətin mənafeyinə xələl gətiririksə, demək, doğru yolda deyilik.
– Azərbaycan mediasında oxucu uğrunda rəqabət getdikcə daha çox operativlik və klik üzərində qurulur. Sizcə, bu tendensiya jurnalistikanın keyfiyyətini aşağı salırmı? Globalinfo.az kommersiya maraqları ilə peşəkar jurnalistika prinsipləri arasında tarazlığı necə qoruyur?
– İstənilən media subyekti həm də bir biznes müəssisəsidir. Burda kommersiya maraqları da mühümdür. Lakin incə xətt var: hər şeyi kommersiya maraqlarına qurban vermək doğru olmadığı kimi, biznes maraqlarını da boşuna xərcləmək düzgün yanaşma sayıl bilməz. Sağlam rəqabət isə mühümdür, vacibdir. Bizim mediada hələ də istinad mədəniyyəti tam formalaşmayıb. Bu da ayrıca mövzudur. Saytlar gərək istinad amilinə ciddi yanaşsınlar. Bu məsələdə standart necədir, hər birimiz ona tabel olmağa borcluyuq.
– Sosial şəbəkələr artıq bir çox hallarda xəbər saytlarını qabaqlayır. Belə şəraitdə oxucunun sosial şəbəkədəki məlumatla kifayətlənməyərək birbaşa Globalinfo.az-a üz tutması üçün hansı əlavə dəyəri təqdim edirsiniz?
– Sosial şəbəkələrdəki xəbərlərin etibarlılıq və mötəbərlik əmsalı saytlar qədər deyil. Söhbət ciddi və peşəkar kriteriyalara cavab verən saytlardan gedir. Sosial mediaya yanaşma dəyişməlidir. Ona qarşı vuruşmaqdansa, onun imkanlarından istifadə etmək daha yaxşı olar. Biz zatən hər gün yazıları, materialları sosial şəbəkə səhifələrində paylaşırıq. Hazırda medianı sosial şəbəkələrdən ayrı təsəvvür etmək mümkün deyil. Bir növ bizim partnyorumuza çevrilib sosial platformalar. Nə qədər mövzu tapıb işləyirik oradan. Üstəlik yayım coğrafiyamızı əsasən sosial şəbəkələrdə böyüdürük. Hər bir alətin yaxşı və pis tərəfləri var. Bir klişe var, çoxumuz onu bilirik, deyir, bıçaq cərrahın əlində olanda kimisə sağlamlığına qovuşdurur, həyatını xilas edir, cinayətkarın, cahilin əlindəki bıçaq isə öldürür, yaralayır…
– Siz uzun illər ənənəvi qəzet jurnalistikasında çalışmısınız. Qəzet məktəbindən gələn jurnalistlərlə rəqəmsal mediada yetişən gənclər arasında ən ciddi peşəkar fərq nədədir? Sizcə, müasir jurnalistika ənənəvi məktəbin hansı dəyərlərini itirmək təhlükəsi ilə üz-üzədir?
– Mənim bu günlərdə mətbuata gəlməyimin 35 ili tamam olur. Mən redaksiyada yazıların makinada yığıldığına görmüşəm. Kompüterləşmə xeyli sonra oldu. Qəzetlə onlayn media arasında ciddi sərhəd qoymağın tərəfdarı deyiləm. Ən müasir texnologiyanın belə primitiv başlanğıcı olur. Nailiyyətin, uğurun keçmişə bağlanması problem deyil, keçmişə bağlanıb, bugünkü şərtlərə uyğunlaşa bilməmək problem yaradır. Bu baxımdan mən “qəzet jurnalistikasının” nümayəndəsi olaraq onlayn mediada heç bir çətinlik yaşamıram. “Maşinka”da yazı yığmışam, amma bu, kompüterləşmə başlayanda mənə kömək olub – çünki sistem və prinsip eyni idi demək olar. Ona görə də kompüterdə yazı yığmaq üçün çox vaxtım getmədi. Texnologiya irəlilədikcə, inkişaf etdikcə köhnə ənənələrə və təcrübələrə baxıb, inkişaf etmək vacibdir.
– Süni intellektin xəbər istehsalına təsiri getdikcə artır. Yaxın perspektivdə bu texnologiya jurnalistlərin işini asanlaşdıracaq, yoxsa peşənin özünü təhlükə altına qoyacaq? Globalinfo.az bu texnoloji dəyişikliklərə necə hazırlaşır?
– Bu haqda kifayət qədər danışdıq Onu deyə bilərəm ki, süni intellekt hazırda bizə çox faydalıdır. Gələcəkdə vəziyyət necə olacaq, tam demək çətindir. Yazı elə bir dəyərdir ki, orda insan amili mütləq olmalıdır. Amma yaxın 1-2 ildə bu şərtlər necə dəyişəcək, açığı, proqnozlaşdırmaq asan deyil.
– Təsisçi kimi dörd il ərzində sizi ən çox narahat edən nə olub: maliyyə dayanıqlığı, peşəkar kadrların qorunması, informasiya təhlükəsizliyi, yoxsa redaksiya müstəqilliyi? Bu problemlərdən hansının həlli hələ də aktualdır?
– Sadaladıqlarınızı hamısı var, bəlkə, daha artıqdır. Amma reallıqları nəzərə alsaq, o qədər də faciəvi yanaşmırsan. Kadrlar iş prosesində, redaksiyalarda yetişir. Jurnalistika fakültəsi nəzəriyyə keçir, gələcək jurnalist üçün sərhədləri öyrədir. Amma o jurnalist yaxşı redaktora rast gələndə, daha uğurlu olur.
Bizi ən çox narahat edən məsələ reklam bazarı ilə bağlıdır. Burada ayrı-seçkilik, şəxsi əlaqələr çox rol oynayır. Məsələn, bir də baxırsan, oxunmayan bir saytda bahalı reklamlar gedir, müraciət edirsən, statistika təqdim edirsən, reklam əməkdaşlığı təklif edirsən, yayınırlar. Bu da medianın normal fəaliyyətinə ciddi mane olur.
– Təsəvvür edək ki, Globalinfo.az-ın onillik yubileyidir. Həmin gün sayt haqqında hansı fikrin səsləndirilməsini istərdiniz: operativ xəbər mənbəyi, etibarlı analitik platforma, yoxsa Azərbaycan jurnalistikasında öz məktəbini yaratmış media qurumu?
– Buna hələ 6 il var. O vaxta kimi nə olacaq, nələr dəyişəcək, bilmirik. Hər şey yaxşı getsə, 10 illiyimizdə Azərbaycanın ən böyük media subyektlərindən biri ola bilərik. Buna haqqımız, qabiliyyətimiz və potensialımız çatır.