Şuşanın işğaldan azad edilməsindən sonra şəhərdə aparılan araşdırmalar zamanı Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Qasım bəy Zakir və Mirzə Ələsgər Növrəsin məzarlarının aşkar edilməsi ictimai marağa səbəb olub. Bir neçə gün əvvəl həmin məzarlarla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb və geniş müzakirə olunub.
Globalinfo.az-ın redaksiyasına müraciət edən Vətən müharibəsi iştirakçısı, baş gizir Elşən Bədəlov bildirib ki, Qasım bəy Zakirin məzarını ilk dəfə lentə alan və qəbiristanlıqda təmizlik işləri aparan şəxslərdən biri məhz özü olub.
Onun sözlərinə görə, 2020-ci ilin noyabrında, Şuşa işğaldan azad edildikdən sonra məhz 8 noyabrda döyüş yoldaşı, gizir Amid Səfiyevlə birlikdə qəbiristanlığa daxil olaraq ərazini tikanlardan təmizləyib, məzarları üzə çıxarıblar. Həmin görüntülər isə dekabr ayında YouTube kanalında paylaşılıb.
“Mən əslən Quba rayonunun Alpan kəndindənəm. Baş gizirəm, hazırda da hərbi xidmətimi davam etdirirəm. Vətən müharibəsində döyüşlərə Füzuli istiqamətindən başlamışam və Şuşayadək döyüş yolu keçmişəm. Füzuli, Cəbrayıl, Qubadlı və Şuşa uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Cəsur döyüşçü” medalı ilə yanaşı, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə də təltif olunub. Bundan əlavə, Müdafiə Nazirliyi tərəfindən fəxri fərmana layiq görülmüşəm”, – müharibə iştirakçısı qeyd edib.
Elşən Bədəlov
O bildirib ki, Şuşa işğaldan azad edildikdən sonra şəhərə daxil olanda ilk ziyarət etdiyi yerlərdən biri də Qasım bəy Zakirin məzarı olub:
“Döyüş yoldaşım, gizir Amid Səfiyevlə birlikdə qəbiristanlığa daxil olmuş, orada təmizlik işləri aparmışıq. Ərazi tikanlı bitkilərlə örtülmüşdü. Məzarların ətrafını təmizləmiş, başdaşlarını üzə çıxarmış, qəbiristanlığı səliqəyə salmışıq. Dediyim kimi, həmin görüntüləri 2020-ci ilin noyabr ayında çəkmişik. Lakin video dekabr ayında YouTube kanalında paylaşılıb. O vaxt internet və çəkilişlərin yayılması ilə bağlı imkanlarımız məhdud idi. Qəbiristanlıqda Qasım bəy Zakirin, Mirzə Ələsgər Növrəsin, eləcə də Qarabağ xanlığı dövrünə aid məzarlar var idi. Biz həmin məzarların üzərində və ətrafında təmizlik işləri aparmışıq. Məzarların üzərindəki yazıları və başdaşlarını üzə çıxarmağa çalışmışıq. Orada ərəb hərfləri ilə yazılan məzar daşları da var idi. Sonradan başqa şəxslərin də həmin qəbiristanlığa gedərək çəkiliş apardığını eşitdim. Ancaq biz çəkdiyimiz görüntüləri xəbər saytlarına və digər platformalara göndərməmişdik. Buna görə də həmin vaxt gördüyümüz işlərdən çoxlarının xəbəri olmadı”.
Ətraflı videoda:
Zaira Akifqızı
Globalinfo.az
