Milli Məclisin deputatı Cavanşir Feyziyev Media Türk İnternet Televiziyasının efirində Rusiya-Ukrayna müharibəsi, Qərbin mövqeyi, Yaxın Şərqdə artan gərginlik, Azərbaycan–Türkiyə münasibətləri və ölkəmizin beynəlxalq siyasi mövqeyi ilə bağlı fikirlərini açıqlayıb.
Globalinfo.az-ın xəbərinə görə, deputat bildirib ki, Rusiyanın Ukraynanın kapitulyasiyaya yaxınlaşması və müharibədə qalib gəlməsi barədə səsləndirdiyi fikirlər daha çox Kremlin təbliğat siyasətinin tərkib hissəsidir. Onun sözlərinə görə, müharibənin başlanmasından təxminən beş il keçməsinə baxmayaraq, Rusiya ilkin hərbi-siyasi məqsədlərinə nail ola bilməyib.
“Müharibənin ilk günlərində Kiyevi qısa müddətdə ələ keçirməyi və Ukraynada özünə bağlı hakimiyyət formalaşdırmağı planlaşdıran Moskva bu günədək Ukrayna ərazisində qarşıya qoyduğu məqsədləri reallaşdıra bilməyib. Rusiyanın hücum imkanları zəifləyib, Ukrayna ordusu isə ayrı-ayrı əməliyyatlar nəticəsində işğal olunmuş ərazilərin bir hissəsini azad etməyə nail olub.Ukraynanın təslim olmasından danışmaq üçün real əsas yoxdur. Avropa İttifaqının Ukraynaya dəstəyi davam etdirməkdə maraqlı olduğunu bildirən deputat qeyd edib ki, Ukraynanın işğalı Avropanın təhlükəsizliyi üçün də ciddi təhdid yarada bilər. ABŞ vasitəsilə keçirilən Rusiya-Ukrayna danışıqlarından ciddi nəticə gözləmək üçün əsaslar məhduddur. Münaqişənin həlli üçün Ukraynanı dəstəkləyən beynəlxalq qüvvələrin vahid mövqedən çıxış etməsi vacibdir.”- deyə Cavanşir Feyziyev bildirib.
Deputat Rusiyanın irəli sürdüyü ərazi və təhlükəsizlik tələblərini qəbuledilməz hesab edərək bildirib ki, Moskvanın iddiaları yalnız Ukraynanın əraziləri ilə məhdudlaşmır, Şərqi Avropada NATO-nun mövcudluğunun dəyişdirilməsi kimi daha geniş geosiyasi məqsədləri də əhatə edir.
Daha ətraflı videoda:
