“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ölkələri ilə münasibətləri və əməkdaşlığının gələcək perspektivləri baxımından mühüm platformalardan biri hesab olunur. Sammit çərçivəsində siyasi dialoq, enerji və nəqliyyat sahələrində tərəfdaşlıq, eləcə də regional sülh təşəbbüslərinin müzakirəsi gözlənilir. Son dövrlər Avropa ölkələrinin Azərbaycana marağının artması, dövlət və hökumət başçılarının, eləcə də Avropa İttifaqının yüksək vəzifəli nümayəndələrinin ölkəmizə səfərləri və Prezident İlham Əliyevlə təmasları da diqqət çəkir.
“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ölkələri ilə siyasi və iqtisadi münasibətlərinə hansı yeni imkanları qazandıra bilər? Avropa liderlərinin Azərbaycana səfərləri və Prezident İlham Əliyevlə intensiv təmasları münasibətlərdə yeni siyasi mərhələnin formalaşdığını deməyə əsas verirmi? Son dövrlər Avropa ölkələrinin Azərbaycana marağının artmasını hansı amillərlə əlaqələndirmək olar?
Globalinfo.az-a danışan deputat Bəhruz Məhərrəmov deyib ki, Avropa Siyasi Birliyinin Dublin sammiti Avropa məkanında vahid inteqrasiya bloklarına üzv olmayan, lakin qitənin təhlükəsizlik və iqtisadi arxitekturasında həlledici rol oynayan dövlətlərlə Avropa İttifaqı arasında bərabərhüquqlu siyasi-diplomatik platforma kimi çıxış edir:
“Prezident İlham Əliyevin Dublində keçirdiyi görüşlər, habelə sammit çərçivəsində “Rəqabətqabiliyyətli Avropanın yaradılması – innovasiya, bağlantılar və əlçatan enerji” mövzusunda dəyirmi masada iştirakı və səsləndirdiyi fikirlər Azərbaycanın Avropa ilə münasibətlərinin ikitərəfli təchizat müqavilələri çərçivəsini aşaraq ümumavropa strateji tərəfdaşlığı müstəvisinə keçdiyini göstərir. Dublin platforması Azərbaycana öz enerji və nəqliyyat gündəliyini birbaşa Avropanın ali siyasi rəhbərliyinə çatdırmaq, Cənub Qaz Dəhlizinin genişləndirilməsi üçün zəruri olan maliyyə və hüquqi-institusional dəstəyi təmin etmək imkanı qazandırır. Eyni zamanda, burada formalaşan çoxtərəfli və ikitərəfli təmaslar Bakının regional sülh gündəliyinin beynəlxalq legitimliyini möhkəmləndirir, Azərbaycanı Avropa-Asiya dəhlizləri arasında əvəzolunmaz tranzit və logistika mərkəzinə çevirir.
Avropa liderlərinin və Aİ-nin yüksək vəzifəli rəsmilərinin son dövrlər Bakıya intensivləşən səfərləri, eləcə də Prezident İlham Əliyevlə aparılan sıx siyasi dialoq münasibətlərdə keyfiyyətcə yeni siyasi mərhələnin formalaşdığını təsdiqləyir. Əvvəlki illərdə Avropanın Cənubi Qafqaza yanaşması daha çox klassik şərq tərəfdaşlığı mexanizmləri və qeyri-müəyyən siyasi şərtlərlə xarakterizə olunurdusa, hazırkı mərhələdə münasibətlər praqmatizm, qarşılıqlı maraqların uzlaşdırılması və realpolitik prinsipləri üzərində qurulur. 2022-ci ildə imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu bu münasibətlərin hüquqi-normativ bazasını təşkil etməklə yanaşı, tərəflər arasında siyasi etimadın institutsionallaşmasına yol açıb. Qaz təchizatının 8 milyard kubmetrdən 13 milyard kubmetrə çatdırılması və bu prosesin 10 Aİ ölkəsini əhatə etməsi siyasi bəyanatların artıq real iqtisadi və hüquqi öhdəliklərlə möhkəmləndirildiyini nümayiş etdirir”.
Bəhruz Məhərrəmov
Deputat qeyd edib ki, Avropa ölkələrinin Azərbaycana artan marağını bir neçə fundamental geosiyasi və iqtisadi amillə əlaqələndirmək olar:
“İlk növbədə, qlobal enerji bazarlarında yaranmış struktur böhranı və ənənəvi təchizat zəncirlərinin sıradan çıxması fonunda Avropanın enerji mənbələrinin şaxələndirilməsinə kəskin ehtiyacı yaranıb. Azərbaycanın yeni qaz yataqlarını istismara cəlb etməsi, TAP kəmərinin ötürmə gücünü 11,2 milyard kubmetrə yüksəltməsi və “yaşıl enerji” dəhlizləri istiqamətində atdığı addımlar ölkəmizi Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevirib. Digər mühüm amil Orta Dəhlizin strateji əhəmiyyətinin artmasıdır. Avropa ilə Asiya arasında ən qısa və təhlükəsiz quru yolunun Azərbaycan ərazisindən keçməsi qitənin təchizat zəncirlərinin dayanıqlılığı üçün həyati əhəmiyyət daşıyır. Eyni zamanda, Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsi ilə regionda yaratdığı yeni geosiyasi reallıq Avropa paytaxtlarını Bakı ilə birbaşa və bərabərhüquqlu dialoq qurmağa sövq edən əsas amillər sırasındadır”.
Millət vəkilinin sözlərinə görə, əldə olunan bu nailiyyətlər bilavasitə Prezident İlham Əliyevin uzunmüddətli, çoxvektorlu xarici siyasət kursunun və strateji uzaqgörənliyinin məntiqi nəticəsidir:
“Dövlət başçısının həyata keçirdiyi strategiyanın əsas uğuru Azərbaycanı regional enerji təchizatçısından ümumavropa enerji və nəqliyyat təhlükəsizliyinin sistemyaradıcı aktoru səviyyəsinə yüksəltməsidir. Hələ bir neçə il əvvəl Cənub Qaz Dəhlizinin iqtisadi səmərəliliyi və geosiyasi zərurəti ilə bağlı müəyyən dairələrdə mövcud olan tərəddüdlərə baxmayaraq, Prezident İlham Əliyevin siyasi iradəsi, layihənin hüquqi-maliyyə mexanizmlərini vaxtında və dəqiqliklə qurması bu gün Bakını qitənin enerji xəritəsində əvəzolunmaz tərəfdaşa çevirib. Beynəlxalq münasibətlər sistemində artan qütbləşmə və geosiyasi turbulentlik şəraitində İlham Əliyevin dövlət xadimi kimi fərdi keyfiyyətləri və diplomatik manevr qabiliyyəti həlledici rol oynayır. Prezident suveren bərabərlik və milli maraqların qeyd-şərtsiz qorunması prinsipindən çıxış edərək, kənar təzyiqlərə boyun əyməyən, lakin konstruktiv dialoqa hər zaman açıq olan lider imicini formalaşdırıb. Məhz bu qətiyyətli və prinsipial mövqeyin nəticəsidir ki, Dublin sammiti çərçivəsində həm Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, həm də Böyük Britaniya, Yunanıstan, Çexiya, Rumıniya, Litva və Ukrayna rəhbərləri ilə keçirilən ikitərəfli görüşlərdə Azərbaycan sözünə sadiq və proqnozlaşdırıla bilən tərəfdaş kimi qəbul olunur. Azərbaycanın sammitdə əlavə hüquqi-siyasi öhdəliklər yaradan bəzi sənədlərə qoşulmayaraq məhz qarşılıqlı etimada və konkret iqtisadi-enerji layihələrinə fokuslanması dövlət başçısının müstəqil qərar qəbuletmə iradəsinin suverenliyinin və siyasi realizminin bariz nümunəsidir.
Prezident İlham Əliyevin liderlik üslubunu səciyyələndirən digər mühüm cəhət onun tarixi zamanlama hissi və strateji ardıcıllığıdır. O, ənənəvi karbohidrogen resurslarının ixracını maksimum səmərəliliklə idarə etməklə yanaşı, qlobal yaşıl keçid trendlərini vaxtında dəyərləndirərək ölkənin bərpaolunan enerji potensialını Avropanın gələcək enerji arxitekturasına inteqrasiya edir. Bu mənada, sammitdə bir daha müşahidə olunduğu kimi, Avropa liderlərinin Bakıya artan diqqəti təkcə Azərbaycanın coğrafi mövqeyi və təbii resursları ilə deyil, həm də Prezident İlham Əliyevin şəxsində təcəssüm edən güclü siyasi iradə, sabit dövlət idarəçiliyi və verilən bütün öhdəliklərin vaxtında icra olunması zəmanəti ilə bilavasitə bağlıdır”.
Safura Bənnayeva
Globalinfo.az