Noyabrın 13-də saat 15:00-dan banklara ayrılmış yeni ipoteka limitləri üzrə müraciətlərə baxılmasına başlanılıb. Yeni limitlərin ayrılması mənzil sahibi olmaq istəyən vətəndaşlarda müəyyən gözləntilər yaradıb.
Yeni limitlər mənzil bazarına necə təsir göstərə bilər?
Globalinfo.az-a danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib ki, bu, əslində, il ərzində davam edən və artıq illərdir Azərbaycanın mövcud iqtisadi siyasətinin əsas prioritet istiqamətlərindən biri olan, dövlət tərəfindən vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə icra edilən və İpoteka Fondu tərəfindən bazara təqdim olunan prosesin növbəti mərhələsidir:
“Yəni il ərzində davam edən prosesdir. Sadəcə, yeni limitlərin artırılması o deməkdir ki, müvəkkil banklara fond tərəfindən əlavə maliyyələşmə həyata keçirilib, əlavə limitlər ayrılıb. İlin sonuna qədər həmin limitlərin istifadəsi nəzərdə tutulur. Bu anlamda qarşıdakı dövrdə bazarda müəyyən mənada aktivlik artacaq, müraciətlərin sayının artımını müşahidə edəcəyik”.
R.Osmanlının sözlərinə görə, bu, ipoteka krediti götürmək istəyənlər üçün də əlavə imkandır:
“Bu imkandan istifadə etmək istəyən və faktiki olaraq mövcud gəlirləri ipoteka kreditindən yararlanmağa imkan verən şəxslər üçün müraciət etmək baxımından əlavə fürsətdir. Bu mənada hesab edirəm ki, yaxın bir-iki ay ərzində bu prosesin aktiv şəkildə icrasının şahidi olacağıq”.
Zaira Akifqızı
Globalinfo.az