İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsindən Ukraynaya silah tədarükü haqda deyilənləri təkzib edərək bildirib ki, Təl-Əviv Kiyevə humanitar yardım edir, silah-sursat göndərmir. Pentaqonun sənədlərində İsrailin Ukraynaya ölümcül silahlar ötürə biləcəyi barədə məlumatlar yer alır. Netanyahu isə deyib ki, bundan əvvəlki hökumətin dövründə də belə silahların ötürülməsi haqda eşitməyib.
Xatırladaq ki, müharibə başlayandan bu mövzu dəfələrlə beynəlxalq mediada müzakirə edilib. Hər dəfə də İsrail rəsmi şəkildə məlumatı təkzib edib. Ukrayna Prezidenti Volodimir Zelenski bir neçə dəfə İsrailin onlara silah verməməsini sərt tənqid edib.
İsrailin bu qərarı nə ilə bağlı ola bilər? Belə davranış Rusiya ilə münasibətlərdən irəli gəlir? Hansı ciddi səbəb ola bilər ki, İsrail Ukraynaya silah verməkdən imtina etsin?
Prosesləri Globalinfo.az-a şərh edən politoloq Turab Rzayev İsrailin bu addımının Rusiya ilə münaqişəyə gətirib çıxara biləcəyini söyləyib:
“Müharibənin əvvəlindən etibarən İsrailin özünəməxsus çəkindiyi məqamlar var. Buna görə də İsrail hökuməti Ukraynaya açıq şəkildə silah göndərməyin əleyhinə olub. Bu məsələ ilə bağlı göstərilən faktları danıb, təkzib edib. Çünki İsrailin Yaxın Şərqdə – Suriyada, Livanda, İordaniyada, fərqli ərazilərdə öz maraqları var. ABŞ həmin ərazilərdən çıxdığı üçün hazırda orada əsas söz sahiblərindən biri də Rusiyadır. Məsələn, Suriyada İsrail tez-tez qanunsuz hava əməliyyatları həyata keçirir, Suriya və İran ordularının müxtəlif mövqelərinə zərbələr endirir. Əgər İsrailin Ukrayna məsələsində iştirakı təsdiqlənərsə, Rusiya ilə münasibətləri kəskinlə və nəticədə Suriyada hava yolu İsrailə bağlana bilər. Hava sahəsini keçməsi üçün texniki imkanlarının olub-olmaması isə ayrıca sual doğurur. Amma hər halda bu Rusiya ilə münasibətlərdə eskalasiyaya gətirib çıxara bilər”.
Turab Rzayev
Politoloq İsrailin müharibənin gedişatında Rusiyanın hədəfinə çevrilməkdən yayındığını qeyd edib:
“Digər tərəfdən İsrail mümkün qədər hibrid xarici siyasət yürüdür. Hər nə qədər əsas məsələlərdə Amerika Birləşmiş Ştatlarının yanında yer alsa da, digər dövlətlərlə münasibətlərini qorumağa çalışır. Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri kimi ərəb ölkələri ilə münasibətlərini normallaşdırmağa, təhlükəsizlik sahəsində əməkdaşlığa maraq göstərir. Ona görə də, Rusiya və onun Çin kimi müttəfiqləri ilə də münasibətlərin gərginləşməməsinə diqqət edir. Həmçinin İsrail birbaşa Ukraynaya dəstək göndərəcəyi təqdirdə açıq şəkildə Rusiyanın hədəfi olmaqdan çəkinir. Müharibənin elə bir məqamı gələ bilər ki, Moskva nüvə silahlarına əl atsın. Belə olan təqdirdə isə Ukraynaya birbaşa dəstək olan Avropa ölkələrindən biri bu zərbələrin hədəfinə çevrilər. İsrail buna hədəf olmaqdan yayınmağa çalışır”.
T.Rzayev yəhudi əsilli Ukrayna prezidentinin İsraildən dəstək istəməsinə Lavrovun reaksiyasından və Qüdsə verdiyi mesajdan söz açıb:
“Eyni zamanda Rusiyanın Hizbullah, ümumilikdə İran, SEPAH üzərində böyük təsiri var. İsrail qorxur ki, Rusiya İranın bu və Fələstindəki digər təşkilatlarından istifadə edərək hərbi təzyiq qursun. Təsadüfi deyil ki, müharibənin başladığı gündən İsrailin gizli şəkildə Ukraynaya silah göndərməsi ilə bağlı müəyyən şübhələr vardı. Məhz bu şübhələrə görə Sergey Lavrov açıq şəkildə Zelenskinin yəhudi olmasının əhəmiyyət daşımadığını, nənəsinin və Adolf Hitlerin də yəhudi əsilli olduğunu söyləmişdi. Bununla İsrailin ünvanına ağır ittiham səsləndirmişdi. Bu da iki ölkə arasında siyasi gərginliyə səbəb oldu. Rusiya tərəfi münasibətləri normallaşdırmağa çalışsa da, Lavrov burada İsrailin müəyyən formada Ukraynaya dəstək verməsini izlədikləri mesajını vermişdi. Ona görə də İsrail sadəcə Rusiyanın imkanlarının tam məhdudlaşdığı, ağır nəticələrə səbəb olacaq şəkildə cavab verə bilməyəcəyindən əmin olacağı halda Ukraynaya açıq şəkildə silah göndərə bilər”.
Ayşən Mustafa
Globalinfo.az