Bakıda marşrut avtobuslarının yenilənməsi davam edir. Bu çərçivədə Pirşağı qəsəbəsi və bağ massivlərini “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 173A və 173B nömrəli marşrut xətləri üzrə avtobuslar da yenilənir. Noyabrın 13-dən etibarən hər iki xətt üzrə ekoloji təmiz, CNG texnologiyası ilə təchiz olunmuş avtobuslar sərnişinlərin xidmətində olacaq. Hər marşrut üzrə 6 avtobus fəaliyyət göstərəcək. Gedişhaqqı 65 qəpik təşkil edəcək və ödəniş nağdsız qaydada həyata keçiriləcək. Digər tərəfədn, sözügedən yenilik fonunda vətəndaşları bir məsələ düşündürür.
Avtobuslar yeniləndikcə gedişhaqqı da artacaqmı? Hazırda 65 qəpik olan tarif gələcəkdə 70, 80 qəpiyə, yaxud daha yüksək məbləğə qaldırıla bilərmi? Avtobus parkının yenilənməsi daşıyıcı şirkətlərin xərclərini nə qədər artırır və bu xərclər sərnişinlərin ödədiyi gedişhaqqına təsir göstərə bilərmi?
Globalinfo.az-a danışan iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru Günay Hüseynova deyib ki, avtobusların böyük hissəsini özəl sahibkarlar idarə edir:
“Daşıyıcılardan nəqliyyat vasitələrini yeniləmək tələb olunduqda, onlar əlavə xərcləri qarşılamaq üçün çıxış yolunu gedişhaqqının artırılmasında görürlər. Nəticədə bu xərclər tədricən vətəndaşların büdcəsinə təsir edir. Məhz buna görə də bəzi vətəndaşlar yeni avtobusların istifadəyə verilməsini istəmir, çünki bu yeniliyin onların büdcəsinə əlavə yük gətirəcəyini düşünürlər. Sərnişinlər isə belə məqamlardan narahat olurlar ki, avtobus parkı yeniləndikcə gedişhaqqı da artacaq. Artım məbləği ilk baxışda kiçik görünsə də, gün ərzində bir neçə nəqliyyat vasitəsindən istifadə edən vətəndaş üçün bu, yekunda ciddi fərq yaradır”.
Günay Hüseynova
İqtisadçı bildirib ki, şəxsin gəliri artmadığı halda əlavə xərc onun ümumi maliyyə yükünü artırır:
“Avtobus parkının yenilənməsi daşıyıcı şirkətlərin xərclərinə də təsir edir. Belə ki, bu məbləğ yenilənən nəqliyyat vasitələrinin sayından və alınacaq avtobusların qiymətindən asılı olaraq dəyişir. İlkin hesablamalara görə, bu xərclər 1-3 milyon manat arasında ola bilər”.
Ləman İmran
Globalinfo.az