ff 1

“Prezident İlham Əliyevin Dublində keçirilən “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dünya liderləri ilə keçirdiyi görüşləri bir neçə mühüm aspektdən qiymətləndirmək lazımdır”.

Bunu Globalinfo.az-a açıqlamasında deputat Elçin Mirzəbəyli deyib.

O bildirib ki, bu təmaslar Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun, ölkəmizin müxtəlif geosiyasi, geoiqtisadi proseslərdə iştirakının və tərəfdaş dövlətlərlə münasibətlərinin genişlənməsinin göstəricisidir:

“Diqqət yetirsək, Prezident İlham Əliyevin görüşlərində müzakirə olunan məsələlər yalnız ikitərəfli münasibətlərin cari gündəliyi ilə məhdudlaşmır. Burada enerji təhlükəsizliyi, nəqliyyat-logistika bağlantıları, iqtisadi əməkdaşlıq, regional təhlükəsizlik və beynəlxalq münasibətlərin aktual problemləri kimi geniş spektrli məsələlər yer alır. Bu konteksdə, Böyük Britaniya ilə strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanmasını xüsusi olaraq qeyd etmək istərdim. Bu sənəd iki ölkə arasında uzun illər ərzində formalaşmış əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafı üçün siyasi və institusional çərçivə yaradır. Eyni zamanda, Yunanıstan, Bolqarıstan, Çexiya və Moldova rəhbərləri ilə görüşlərdə enerji təhlükəsizliyi, investisiyalar, ticarət və nəqliyyat əlaqələrinin müzakirəsi Azərbaycanın Avropa üçün əhəmiyyətinin yalnız bir sahə ilə məhdudlaşmadığını göstərir”.

elcin mirzebeyli 900x890 1

Elçin Mirzəbəyli

Deputat qeyd edib ki, digər mühüm məqam Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirilən görüşdür:

“Humanitar əməkdaşlıq, iqtisadi əlaqələr və Azərbaycanın Qarabağ ilə Şərqi Zəngəzurda həyata keçirdiyi bərpa-quruculuq təcrübəsinin müzakirə olunması ölkələrimiz arasında münasibətlərin müxtəlif istiqamətlərdə inkişaf etdiyini nümayiş etdirir. Prezidentin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü də sülh prosesinin davamlılığı və regionun təhlükəsiz gələcəyi üçün Azərbaycanın təşəbbüskar mövqeyi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin irəli aparılması, nəqliyyat-kommunikasiya əlaqələrinin açılması, sərhədlərin delimitasiyası və iqtisadi-ticarət münasibətlərinin inkişafı yalnız iki ölkə üçün deyil, bütövlükdə Cənubi Qafqazın gələcəyi baxımından əhəmiyyətlidir. Sülhün siyasi bəyanatlardan konkret praktiki addımlara keçməsi, bu xüsusda Ermənistanın öz öhdəliklərini yerinə yetirməsi regionda yeni əməkdaşlıq imkanları yarada bilər”.

E.Mirzəbəyli əlavə edib ki, əslində, Dublindəki görüşlərdə Azərbaycan öz milli maraqlarını beynəlxalq əməkdaşlığın genişlənməsi ilə uzlaşdıran çoxşaxəli xarici siyasət həyata keçirir:

“Ölkəmiz bir tərəfdən Avropanın enerji təhlükəsizliyinə töhfə verir, digər yandan Şərq-Qərb nəqliyyat bağlantılarının inkişafında iştirak edir. Eyni zamanda, regional sülh və sabitlik gündəliyinin formalaşmasına töhfə verməyə çalışır. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan beynəlxalq proseslərin kənarında müşahidəçi mövqeyində dayanan deyil, öz maraqları, iqtisadi potensialı və regional imkanları ilə həmin proseslərdə iştirak edən dövlətdir. Bu görüşlərin əhəmiyyətini ayrı-ayrı diplomatik təmasların sayı ilə yox, onların yaratdığı siyasi, iqtisadi və geostrateji imkanlarla ölçmək lazımdır”.

Ləman İmran
Globalinfo.az

Paylaş: