“Son günlər bir sıra media resurslarında və sosial şəbəkə platformalarında Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) bir neçə tələbəsinin iş adamı İsfənyar Axundovla görüşünə dair müxtəlif məlumatlar yayılır. Bəzi paylaşımlarda sözügedən görüşün universitet tərəfindən təşkil edildiyi, hətta tədris prosesinin tərkib hissəsi olduğu barədə həqiqəti əks etdirməyən iddialar irəli sürülür”.
Globalinfo.az xəbər verir ki, bunu AzMİU-nun PR və media şöbəsinin müdiri Nicat Abdullayev deyib.
O bildirib ki, sözügedən görüş Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilməyib, universitet tərəfindən təşkil olunmayıb və tədris prosesi çərçivəsində baş tutmayıb:
“Görüş bir neçə tələbənin şəxsi təşəbbüsü və istəyi əsasında, onların müstəqil müraciətindən sonra iş adamının öz iş yerində baş tutub. Universitet rəhbərliyinin, eləcə də digər struktur bölmələrinin bu görüşün təşkili və keçirilməsi ilə heç bir əlaqəsi olmayıb.
Xüsusilə vurğulayırıq ki, tələbələrin şəxsi təşəbbüsləri əsasında, universitetdən kənarda həyata keçirdikləri görüş və fəaliyyətlərin ali təhsil müəssisəsinin rəsmi mövqeyi, təşəbbüsü və ya tədris fəaliyyəti kimi təqdim olunması yolverilməzdir.
Təəssüf ki, bəzi paylaşımlarda görüşün mahiyyəti və iştirakçıları ilə bağlı səsləndirilən tənqidi fikirlər heç bir əsas olmadan universitetə də şamil edilir, bununla da ictimaiyyətdə AzMİU haqqında yanlış təsəvvür formalaşdırılır.
Universitetin təşkilatçısı və iştirakçısı olmadığı bir görüşə görə ali təhsil müəssisəsinin ictimai qınaq obyektinə çevrilməsi cəhdlərini qətiyyətlə qəbul etmirik”.
N.Abdullayev məlumatları yayarkən faktları dəqiqləşdirməyə, şəxsi təşəbbüslərlə həyata keçirilən fəaliyyətləri universitetin rəsmi fəaliyyəti ilə eyniləşdirməməyə çağırış edib:
“Bir daha bəyan edirik ki, sözügedən görüşün Azərbaycan Memarlıq və İnşaat Universitetinin təşkilati, akademik və inzibati fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur”.
Əliyar Xəlil
Globalinfo.az