Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 Noyabr – Zəfər Gününün altıncı ildönümündə Şuşaya səfəri və Prezident İlham Əliyevlə görüşü Bakı-Ankara münasibətlərində son həftələrdə müşahidə olunan gərginliyin aradan qaldırılması baxımından mühüm siyasi hadisə oldu. Liderlərin görüşü və mətbuata verdikləri bəyanatlar iki ölkə arasında strateji müttəfiqliyin qorunub saxlanıldığını, münasibətlərin gələcək inkişafı ilə bağlı ortaq siyasi iradənin mövcudluğunu nümayiş etdirdi.
Şuşadan verilən mesajlarda isə iki əsas prioritet ön plana çıxdı: Azərbaycan-Türkiyə birliyinin heç bir kənar müdaxiləyə imkan verilmədən qorunması və iki dövlətin regional proseslərdə vahid strateji mövqedən çıxış etməsi. Beləliklə, Ərdoğanın Qarabağa səfəri təkcə Zəfər Gününün qeyd olunması deyil, həm də Bakı-Ankara münasibətlərində yeni siyasi mərhələnin mesajı kimi diqqət çəkdi.
Globalinfo.az-a danışan siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib ki, Prezident İlham Əliyevin tarixi ata-baba yurdumuz olan Xankəndidə, Zəfər tağı önündə verdiyi mesajlar, eləcə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfərimizin altıncı ildönümündə məhz Qarabağa səfər etməsi bir daha bizim mübarizəmizin həqiqətən də haqq savaşı olduğunu təsdiqləyir:
“Bu savaş doğma torpaqlarımız, ata-baba yurdumuz uğrunda göstərdiyimiz mətanətin, iradənin və rəşadətin təcəssümü idi. Dövlət başçımızın Zəfər tağı önündə xalqa ünvanladığı mesajlar siyasi, hüquqi və ideoloji baxımdan mühüm əhəmiyyət kəsb edirdi. Bu mesajlarda diqqəti cəlb edən əsas məqamlardan biri Azərbaycanın Zəfərinin tam legitimliyinin və tarixi ədalətin bərpası olduğunun bir daha vurğulanması idi.
Siyasi baxımdan isə mesaj çox aydın idi. Ermənistana dəstək verməyə çalışan qüvvələrin bütün cəhdlərinə, Azərbaycana qarşı aparılan qarayaxma kampaniyalarına, təzyiq və təhdidlərə baxmayaraq, Azərbaycan dövləti və Azərbaycan xalqı heç vaxt öz mövqeyindən geri çəkilmədi, sınmadı və milli maraqlarından imtina etmədi.
Dövlət başçımızın Zəfər tağının hər bir pilləsinin, Vətən müharibəsinin hər bir gününün bizim üçün əziz və müqəddəs olduğunu vurğulaması da təsadüfi deyildi. Çünki biz bu torpaqları şəhidlərimizin canı və qanı bahasına azad etmişik. Bu baxımdan, cənab Prezidentin “Azərbaycançılıq” məfkurəsini bizi “gələcəyə aparan yol” kimi xarakterizə etməsi xüsusi əhəmiyyət daşıyır. Məhz bu məfkurə, bu milli ideya və fəlsəfə xalqımızın birliyini təmin etdi, dövlətimizin gücünü möhkəmləndirdi və Zəfərimizin ideoloji əsasını təşkil etdi”.
Politoloq bildirib ki, vaxtilə Azərbaycanı parçalamaq, bölmək, daxildən zəiflətmək və məhv etmək istəyən qüvvələr bu gün də mövcuddur:
“Onların əsas məqsədlərindən biri Azərbaycanla Türkiyə arasındakı münasibətlərə xələl gətirmək, iki qardaş dövlət arasında süni qarşıdurma yaratmaq olub. Lakin Azərbaycan və Türkiyə Liderlərinin qətiyyəti, siyasi iradəsi və prinsipial mövqeyi bu məkrli niyyətlərin reallaşmasına imkan vermədi.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun Xankəndidə bir daha təsdiq etdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi!” ifadəsi xüsusi tarixi və siyasi məna daşıyır. Məhz bu tarixi mesajın Xankəndidə təsdiq edilməsi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasının təsdiqi idi.
Azərbaycanın milli maraqlarını dövlət siyasətinin ən ali prioriteti kimi müəyyənləşdirən Müzəffər Ali Baş Komandan İlham Əliyev haqlı olaraq vurğuladı ki, heç bir təhdid, heç bir təzyiq, heç bir şeytani əməl bizi öz yolumuzdan döndərə bilmədi. Heç kim xalqımızı qorxuda bilmədi. Dövlət başçımızın keçmiş separatçı rejimin idarəetmə strukturlarını “şeytan yuvası” kimi xarakterizə etməsi fonunda bir həqiqət də xüsusi vurğulanmalıdır. Düşmənə layiqli dərs verən məhz Azərbaycan əsgəri və zabiti oldu.
Bu baxımdan, Azərbaycan-Türkiyə qardaşlığı təbii tarixi, siyasi və mənəvi bağlar üzərində qurulub. Şuşa Bəyannaməsinin imzalanması isə mövcud münasibətləri sadəcə hüquqi müstəviyə daşıdı və müttəfiqliyimizin institusional əsaslarını möhkəmləndirdi. Cənab Prezidentin də vurğuladığı kimi, biz onsuz da müttəfiq idik. Azərbaycan-Türkiyə münasibətlərinin “sönməz məşəl” kimi xarakterizə edilməsi, əslində, bu münasibətlərin mahiyyətini ifadə edən ən dolğun təsbitlərdən biridir. Çünki Azərbaycan-Türkiyə birliyi siyasi konyunkturadan asılı deyil, tarixi və mənəvi təməllərə söykənir.

Şəbnəm Həsənova
Prezident Rəcəb Tayyib Ərdoğanın Şuşanı “millətimizin qüruru” kimi xarakterizə etməsi də olduqca əlamətdar və dərin məzmunlu ifadə idi. Eyni zamanda, Azərbaycan Liderinin ölkəmizin müstəqil dövlət olduğunu və müstəqil siyasət həyata keçirdiyini bir daha bəyan etməsi Azərbaycanın xarici siyasət kursunun əsas prinsipini ortaya qoyur. Azərbaycan heç bir güc mərkəzinin təsiri altında deyil, öz milli maraqlarına əsaslanaraq qərarlar qəbul edir.
Bu baxımdan, 8 Noyabr Zəfərimiz yalnız bir nəslin tarixi nailiyyəti kimi qiymətləndirilməməlidir. Bu Zəfər bütün nəsillər tərəfindən qorunmalı, milli yaddaşımızın ayrılmaz hissəsinə çevrilməli və gələcək nəsillərə daha möhkəm ideoloji əsaslarla ötürülməlidir”.
Ş.Həsənova qeyd edib ki, bu gün regionda tamamilə yeni geosiyasi reallıq formalaşıb:
“Əsas vəzifəmiz həmin reallığı dayanıqlı sülh, qarşılıqlı suverenliyə hörmət və regional əməkdaşlıq prinsipləri əsasında inkişaf etdirməkdir. Bu baxımdan, hələ də revanşist xülyalarla yaşayan qüvvələr Azərbaycanın qazandığı Zəfərdən düzgün nəticə çıxarmalıdırlar.
Dövlət başçımızın qeyd etdiyi kimi, 15 minlik işğalçı korpusun məhv edilməsi “Qarabağ Azərbaycandır və nida işarəsi!” həqiqətinin hərbi-siyasi təsdiqi idi. Azərbaycan Ordusunda bir nəfər belə fərari olmadı, Ermənistan ordusunda isə 12 min fərari qeydə alındı. Bu faktlar müharibənin gedişatını və tərəflərin iradə fərqini nümayiş etdirən mühüm göstəricilərdir.
Ən mühüm reallıq isə ondan ibarətdir ki, torpaq kimə məxsus idisə, bu gün həmin torpaqlarda öz yurdunu, öz diyarını məhz Azərbaycan qurur və yenidən yaradır. Ermənistanın işğal dövründə xarabalığa çevirdiyi ərazilərdə Azərbaycan bu gün həyatın bərpasını, quruculuğu və Böyük Qayıdışı təmin edir.
Bütün bunlar Azərbaycan-Türkiyə qardaşlığının nə qədər sarsılmaz və əbədi olduğunu bir daha göstərir. Cənab Prezident İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana nümayiş etdirdiyi səmimi münasibət, eləcə də hər iki dövlətin birinci xanımlarının, ailə üzvlərinin qarşılıqlı hörmət və səmimiyyətə əsaslanan münasibətləri, birlikdə çəkilən ailə fotoları da mühüm mənəvi-siyasi mesajdır.
Düşünürəm ki, bu mənzərə həm dosta, həm də düşmənə ünvanlanmış aydın bir mesajdır. Azərbaycan-Türkiyə birliyi sarsılmazdır. Azərbaycan-Türkiyə təbiilik deməkdir. Bu birlik, bu təbiilik dostlarımız üçün sevinc, bizə qarşı məkrli niyyətlər bəsləyənlər üçün isə ciddi bir ibrət olmalıdır”.
Turan Rzayev
Globalinfo.az