%C6%8Fli %C6%8Fkb%C9%99r Vilay%C9%99ti

İranın ali liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti “Tramp marşrutu”nun (TRIPP) yaradılması ilə əlaqədar Ermənistanın Baş naziri Nikol Paşinyana xəbərdarlıq edib.

Globalinfo.Az xəbər verir ki, bu barədə “Ettelaat” qəzeti yazıb.

Vilayəti “Ermənistanın baş naziri ilə açıq və səmimi söhbət” başlıqlı məqaləsində Ermənistan parlamentinin ABŞ ilə Zəngəzur dəhlizi vasitəsilə respublika ərazisindən keçən “Tramp marşrutu” üzrə əməkdaşlıq sazişini ratifikasiya etməsi qərarına münasibət bildirib.

O qeyd edib ki, Paşinyanın atdığı addımlar erməni xalqının maraqlarına ziddir, ölkənin Qərbdən asılılığını artırır və Cənubi Qafqazda yeni münaqişə və gərginlik mərhələsinin əsasını qoyur.

Vilayətinin sözlərinə görə, o, Ermənistan xarici işlər nazirinin müavini və bu ölkənin Tehrandakı səfiri ilə görüşləri zamanı İranın tələblərini çatdırmaq imkanı əldə edib. Müşavir vurğulayıb ki, İslam Respublikası Zəngəzur dəhlizinin ABŞ-nin iştirakı ilə yaradılmasını qəbuledilməz hesab edir.

“Mən Ermənistan səfirinə tam aydın şəkildə bildirdim: əgər ABŞ prezidenti Donald Tramp və onun müttəfiqləri bizim bu “qırmızı xəttimizi” keçməyə cəhd edərlərsə, onların ayaqlarını qıracağıq”, – deyə o bildirib.

Paylaş: