Polşanın LOT aviaşirkətinə məxsus, Varşava–Brüssel marşrutu üzrə hərəkət edən sərnişin təyyarəsi partlayış təhlükəsi ilə bağlı xəbərdarlıqdan sonra Belçikada təhlükəsiz eniş edib.
Globalinfo.az xəbər verir ki, bu barədə VRT telekanalı Brüssel hava limanının mətbuat xidmətinə istinadən məlumat yayıb.
Hadisə zamanı vəziyyət operativ şəkildə nəzarətə götürülüb. Bununla belə, hüquq-mühafizə orqanları insidentin son günlər Avropanın müxtəlif hava limanlarında qeydə alınan oxşar təhdidlərlə əlaqəli olub-olmadığını araşdırır.
Oxşar hadisələrdən biri Rumıniyada yaşanıb. Belə ki, Buxarest hava limanında eniş edən “Wizz Air” aviaşirkətinin təyyarəsinin heyəti mümkün bomba təhlükəsi barədə müvafiq qurumlara məlumat verib.
Bolqarıstanda isə təhlükə siqnalları səbəbindən üç sərnişin təyyarəsi marşrutunu dəyişərək təcili eniş etməli olub. BHT telekanalının məlumatına əsasən, təyyarələrdən ikisi Sofiyadakı Vasil Levski adına hava limanına, digəri isə Plovdiv hava limanına enib.
Bundan başqa, “Finnair” aviaşirkətinin sifarişi ilə Danimarkanın Jettime çarter şirkəti tərəfindən həyata keçirilən reyslərdən biri də minalanma təhlükəsi ilə bağlı xəbərdarlıq alıb. Təyyarə Vyana hava limanında təhlükəsiz şəkildə yerə enib.
Xarici KİV-in məlumatına görə, indiyədək Avropada təyyarələrə qarşı partlayış və minalanma təhlükəsi ilə bağlı ümumilikdə 12 xəbərdarlıq qeydə alınıb.
Safura Bənnayeva
Globalinfo.az