gurcustan ail

Gürcüstan Xarici İşlər Nazirliyi Avropa İttifaqının ölkənin üzvlük prosesini dayandırması ilə bağlı mövqeyinə münasibət bildirib. Tbilisi Avropa Komissiyasını ölkənin daxili işlərinə müdaxilə etməkdə günahlandırıb.

“Avropa Komissiyasının ölkənin tərəqqisini obyektiv qiymətləndirmək imkanları elə Avropa İttifaqının özü tərəfindən məhdudlaşdırılıb. Xüsusilə, hesabat dövründə Brüssel Assosiasiya Sazişi çərçivəsində Tbilisi ilə heç bir səviyyədə görüş keçirməyib”, – XİN-in məlumatında qeyd olunur.

Gürcüstan XİN Avropa Komissiyasını seçmə təhlil aparmaqda və hüquqi məsələləri siyasiləşdirməkdə ittiham edərək, bunu qanunun aliliyi prinsipinin pozulması və ölkənin daxili işlərinə açıq müdaxilə cəhdi kimi qiymətləndirib.

Globalinfo.az-a danışan “Bakı Politologiya Klubu” İctimai Birliyinin sədri, politoloq Zaur Məmmədov deyib ki, indiki halda Gürcüstanın Avropa İttifaqına üzvlüyündən söhbət getmir:

“Nə Gürcüstan bunu istəyir, nə də Avropa İttifaqı. Onlar arasında mətbuatda yayılan məsələlər və verilən açıqlamalar təfərrüatlardır. Məsələnin məğzi isə ondan ibarətdir ki, Gürcüstan Ermənistan və Ukrayna kimi radikal seçim etmək istəmir.

Bundan başqa, Avropa İttifaqı ilə Gürcüstan arasında münasibətlər düzəlməyib. Şəxslər arasında da problemlər var.

Bu, Gürcüstan üçün problem deyil. Regionda proseslərin hansı istiqamətdə inkişaf edəcəyi məlum deyil. Hesab edirəm ki, bu prosesdə Gürcüstan uduzmur, əksinə, qazandığı məqamlar var”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: