duaaa

Qətər yağış duası ilə gündəmə gəlib. Ölkənin Əmiri Şeyx Təmim bin Həməd Əl Sani əhalini quraqlıq səbəbindən yağış namazına çağırıb. Amma yağış üçün dua ənənəsi təkcə Qətərlə məhdudlaşmır. Türkiyədə quraqlıq zamanı məscidlərdə kütləvi yağmur duaları oxunur. Hətta 2023-cü ilin martında Şanlıurfada yağış diləyən bir vətəndaşın duasından sonra şəhərdə baş verən sel sosial şəbəkələrdə müzakirə yaratmışdı. 2025-ci ildə isə Konya bölgəsində yağış duası zamanı leysan başlayıb, Kulu rayonunda bəzi əraziləri sel basıb. İranda da ötən il su böhranı və uzunmüddətli quraqlıq fonunda Tehran, Məşhəd, Qum və Qəzvində yağış duaları keçirilib.

Yağış duası yalnız müsəlmanlara xas ənənədir? Duadan sonra yağıntının başlamasını necə izah etmək olar? Müasir texnologiyanın inkişaf etdiyi dövrdə dövlətlərin və cəmiyyətlərin hələ də yağış dualarına müraciət etməsini necə qiymətləndirmək olar?

Globalinfo.az-a danışan dinşünas Tural İrfan deyib ki, quraqlıq dövrlərdə insanların kollektiv şəkildə dua etməsi və bunun ardınca yağışın yağması ilə bağlı tarixi faktlar var:

“Həzrət Peyğəmbərin də yaşadığı dövrdə quraqlıq zamanı səhabələrlə birlikdə namaz qıldığı, yağış duası etdiyi və bundan sonra yağışın yağdığı barədə məlumatlar var. Bu ənənə bir çox müsəlman ölkələrində bu gün də davam edir. Qədim dövrlərdə, hətta Çar Rusiyası zamanında və ondan əvvəl Azərbaycanda da belə mərasimlər keçirilib. İnsanlar səhra və ya dağlıq ərazilərə toplaşar, heyvan qurban kəsər, namaz qılıb Allaha dua edərdilər. Çünki həmin dövrlərdə əkinçilik, tarla və məhsul insanların yaşayışı, sosial rifahı üçün həyati əhəmiyyət daşıyırdı. Bu ənənə günümüzə qədər gəlib çatıb. Xüsusilə Türkiyədə və bir çox müsəlman ölkələrində yağış yağması üçün Allaha dua etmək ənənəsi mövcuddur. Oxşar ayinlər digər dinlərdə və qədim inanclarda da olub. Şamanizm, tanrıçılıqda da quraqlıq, Günəş və Ay tutulması kimi hadisələrlə bağlı müxtəlif mərasimlər keçirilirdi. İslam dinində də zəlzələ, Günəş və Ay tutulması, eləcə də yağışın yağmaması ilə bağlı xüsusi namaz və dualar mövcuddur. Bu, islam inancının tərkib hissəsidir. Çünki belə hadisələrin Allahın iradəsi ilə baş verdiyinə və insanların qarşısına bir imtahan kimi çıxdığına inanılır”.

Tural Irfan

Tural İrfan

Dinşünas bildirib ki, dini yanaşmaya görə, bu hadisələr insanların günahları və əməlləri ilə əlaqələndirilir:

“Allahın bir işarəsi və xəbərdarlığı kimi qəbul olunur. Belə hallarda namaz qılıb dua etmək, əslində, bağışlanma diləmək və tövbə etmək mənası daşıyır. İnsanlar öz səhvlərini etiraf edir, onları düzəltməyə söz verir və Allahdan yağış yağdırmasını diləyirlər. Təbii ki, elmi yanaşma bu hadisələri fərqli şəkildə izah edir. Yağışın yağmaması, zəlzələ və digər təbiət hadisələri müəyyən fiziki, təbii proseslərlə əlaqələndirilir. Lakin dini dünyagörüşünə görə, bütün bu proseslərin arxasında ilahi iradə dayanır.

Dünyada baş verən hadisələrin son səbəbinin ilahi bir qüvvəyə bağlı olması fikri Aristotel və Platon fəlsəfəsində, eləcə də qədim yunan, Şərq fəlsəfəsində öz əksini tapıb. Bu yanaşmaya əsasən, bütün hərəkət və proseslərin arxasında ilkin hərəkətverici qüvvə dayanır. Təəssüf ki, son dövrlərdə dinlə elmin bir-birindən uzaqlaşması bu kimi məsələlərin elmi-fəlsəfi baxımdan izahını da məhdudlaşdırıb. Bəzi elm adamları dini bütövlükdə xurafat kimi qiymətləndirir, müəyyən dini çevrələrdə isə dünyəvi elmlərə kifayət qədər diqqət ayrılmır. Halbuki İbn Sina, İbn Rüşd, Əl-Fərabi kimi filosoflar öz dövrlərində dini məsələləri ağıl və elmi yanaşma ilə izah etməyə çalışırdılar”.

Ləman İmran
Globalinfo.az

Paylaş: