Ədalət Partiyası Zəfər Gününün 26-cı ildönümü münasibətilə bəyanat yayıb.
Globalinfo.Az xəbər verir ki, bəyanatda deyilir:
“8 Noyabr – Zəfər Günü Azərbaycan dövlətçiliyinin müasir tarixində yeni siyasi və geostrateji reallıqların əsasını qoymuş möhtəşəm tarixi hadisədir. Bu Qələbə təkcə hərbi uğur deyil, onilliklər ərzində davam edən münaqişəyə son qoyaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü və dövlət suverenliyini təmin edən tarixi dönüş nöqtəsidir.
Bu tarixi Zəfərin əldə olunmasında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin strateji qərarları həlledici əhəmiyyət daşıdı. Bununla yanaşı, Vətən müharibəsi dövründə xalqın, hakimiyyətin və siyasi partiyaların nümayiş etdirdiyi milli birlik, ortaq dövlətçilik mövqeyi və siyasi həmrəylik Qələbənin mühüm dayaqlarından biri oldu. Müxtəlif siyasi baxışlara malik qüvvələrin Azərbaycanın milli maraqları ətrafında birləşməsi ölkəmizin siyasi tarixində xüsusi əhəmiyyətə malik hadisə kimi qiymətləndirilməlidir.
Ədalət Partiyası bildirir ki, Zəfərin siyasi və mənəvi məsuliyyəti onun nəticələrini qorumaq, sülhü və sabitliyi təmin etmək, işğaldan azad edilmiş ərazilərin dirçəldilməsini davam etdirməkdən ibarətdir.
Ədalət Partiyası hesab edir ki, bu Qələbənin qazanılmasında göstərilən həmrəyliyin qorunması, siyasi dialoqun və ümummilli maraqların bütün siyasi yanaşmalardan üstün tutulması Azərbaycanın gələcək inkişafı üçün də mühüm şərtdir.
Ədalət Partiyası bu əlamətdar gün münasibətilə bütün xalqımızı ürəkdən təbrik edir. Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiram və minnətdarlıqla yad edir, qazilərimizə şəfa və uzun ömür arzulayır”.